Vahid Novruzov: "Audit insan hüquqlarının qorunması və iqtisadi şəffaflığın mühüm təminatçısıdır"

Auditorlar Palatasının sədri Vahid Novruzov keçirilən konfransda çıxış edərək müasir dövrdə auditin insan hüquqlarının qorunması, iqtisadi şəffaflığın təmin olunması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
Azturkxeber.az çıxışı təqdim edir.
Hörmətli tədbir iştirakçıları,
İndi isə Sizlərə təqdim edilməsi nəzərdə tutulmuş çıxışımın qısa xülasəsini nəzərinizə çatdırmaq istərdim.
Müasir şəraitdə insan hüquqlarının qorunması ilə iqtisadi şəffaflıq arasında özünü daha aydın biruzə verir. Eyni zamanda bu da danılmazdır ki, mülkiyyət hüququ, sahibkarlıq hüququ, sosial-iqtisadi hüquqlar, əmək münasibətləri, investorun qanuni gözləntisi, maliyyə vəsaitlərin istifadəsində ictimai maraq və vətəndaşın rifah hüququ şəffaf maliyyə idarəetməsi olmadan tam təmin edilə bilməz. Bütün bunlar isə ona dəlalət edir ki, audit insan hüquqlarından ayrı dayanan texniki peşə deyil, hüquqi dövlətin iqtisadi dayaqlarından biri kimi dəyərləndirilməlidir.
Bu onunla izah olunur ki, Audit rəqəmlərin arxasında dayanan həqiqəti, hesabatların arxasında dayanan məsuliyyəti, iqtisadi qərarların arxasında dayanan etibarlılığı üzə çıxarır. Auditin son məhsulu olan auditor rəyi sadəcə maliyyə sənədi deyil, müəssisənin idarəetmə mədəniyyəti, maliyyə intizamı, daxili nəzarət sistemi və bazar iştirakçıları qarşısında etibarlılığı və etimadı barədə ciddi peşəkar mövqedir.
Ümumilikdə isə müstəqil audit iqtisadi münasibətlər sistemində mühüm nəzarət mexanizmi kimi əhəmiyyət kəsb etməklə təsərrüfat subyektləri (müəssisələr) və mülkiyyətçilər (səhmdarlar, investorlar) arasında «etimad körpüsü» rolunu oynayır.
Bu gün artıq bir həqiqətdir ki, iqtisadi inkişafın əsas meyarlarından biri etimaddır. Etimad olmayan yerdə investisiya zəifləyir. İnvestisiya zəiflədikdə iqtisadi fəallıq azalır. İqtisadi fəallıq azaldıqda sahibkarlıq mühiti, məşğulluq, vergi daxilolmaları və sosial rifah zərər görür. Göründüyü kimi audit bu zəncirin başlanğıcında dayanan etimad mexanizmi olmaqla insan hüquqlarını qoruyan institusional infrastruktur elementi kimi çıxış edir.
Hörmətli həmkarlar,
İqtisadi Fəaliyyət subyektləri üçün auditin mahiyyəti son illər köklü şəkildə dəyişmişdir. Əvvəllər audit bir çox hallarda məcburi yoxlama və formal hesabat proseduru kimi qəbul edilirdisə, bu gün müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm və qabaqlayıcı rola malikdir.
Başqa sözlə müəssisə üçün auditin faydası yalnız səhvlərin göstərilməsi deyil, real dəyər yaradan mühüm bir amildir. Audit formal nəzarət düşüncəsindən etibarlı təminat, risk əsaslı əminlik və qabaqlayıcı idarəetmə düşüncəsinə keçidi təmin edir ki, bu da sahibkarların, mülkiyyətçilərin, səhmdarların və əmanətçilərin hüquqlarının qorunması deməkdir.
Beynəlxalq təcrübə göstərir ki, məhz şəffaf maliyyə hesabatlılığı:
❖ müəssisənin bazardakı nüfuzunu artırır;
❖ kredit və investisiya imkanlarını genişləndirir;
❖ tərəfdaşların etimadını gücləndirir.
Danılmaz bir faktdır ki, mülkiyyət hüququ yalnız əmlaka sahib olmaqdan ibarət deyildir, həm də həmin əmlakın necə idarə olunduğunu bilmək, aktivlərin real vəziyyəti barədə etibarlı məlumat almaq, müəssisənin maliyyə nəticələrindən ədalətli şəkildə bəhrələnmək və idarəetmə üzərində qanuni nəzarət imkanına malik olmaq deməkdir.
Səhmdar, payçı, investor və kreditor düzgün qərar qəbul etmək üçün etibarlı maliyyə məlumatına ehtiyac duyur. Audit bu məlumatın etibarlılığını qiymətləndirir, idarəetmə ilə mülkiyyətçi arasında informasiya boşluğunu azaldır, mümkün manipulyasiya risklərinin qarşısını alır və iqtisadi qərarların daha sağlam əsaslar üzərində qəbul olunmasına şərait yaradır.
Hörmətli qonaqlar ,
Rəqəmsallaşma, süni intellekt, elektron sənəd dövriyyəsi, kibertəhlükəsizlik riskləri və böyük məlumat bazalarının idarə olunması audit peşəsi qarşısında yeni çağırışlar qoyur.
Bir neçə rəqəmi diqqətinizə çatdırmaq istərdim. Son vaxtlar sürətlə genişlənməyə başlamış kiberdələduzluq dünya iqtisadiyyatına ÜDM-un 10% həcmində zərər gətirir.
Aparılan tədqiqatlar göstərir ki, müəssisə daxilində kibertəhlükəsizlik təhlükəsizliyi səbəbləri aşağıdakılardır.
- 56% - əməkdaşların səhlənkarlığı;
- 26% - əməkdaşların bilərəkdən törəttikləri əməllər;
- 18% - uçot məlumatlarının oğurlanması.
Araşdırılmış şirkətlərin 60%-ə qədərində kiberdələduzluq halları aşkar olunmuşdur. Heç də təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2026-cı il 2 iyun tarixli fərmanı ilə Milli Təhlükəsizlik Agentliyi yaradılmışdır.
Müasir auditor elektron sübutların etibarlılığını, avtomatlaşdırılmış nəzarət sistemlərini, məlumatların bütövlüyünü, giriş hüquqlarını, kiberrisklərin maliyyə hesabatlarına təsirini və rəqəmsal əməliyyatların risk profilini qiymətləndirən yüksək ixtisaslı peşəkardır.
Bu baxımdan Auditorlar Palatasının qarşısında duran əsas vəzifələrdən biri auditin rəqəmsal transformasiya dövrünə uyğun etik dayaqların inkişafını təmin etməkdir.
Auditorlar Palatası tərəfindən 2026-cı ilin “Etika ili” elan edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs auditor peşəsində dürüstlük, obyektivlik, müstəqillik, peşəkar skeptisizm, məxfilik və ictimai etimada əsaslanan davranış mədəniyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümid bəsləyirik.
Hörmətli iştirakçılar,
Azərbaycan Respublikasının Prezidentinin dünya üçün nümunə olan uğurlu idarəetməsi və dövlətimizin müəyyən etdiyi siyasi kurs üzrə ölkəmizdə həyata keçirilən islahatlar göstərir ki, dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik, sosial məsuliyyət və hesabatlılıq strateji prioritetdir. Auditorlar Palatası bu prioritetlərin həyata keçirilməsinə öz peşəkar töhfəsini verməyi özünün mühüm missiyası hesab edir.
Bu mənada biz audit peşəsini daha nüfuzlu, daha məsuliyyətli, daha müasir və daha təsirli peşə təsisatına çevirmək üçün fəaliyyətimizi davam etdirəcəyik. Məqsədimiz odur ki, nəinki Azərbaycanda, bütün cənubi qafqaz və türk dövlətlərində bizim auditor rəyi etimad sənədi kimi qəbul edilsin- auditin sahibkar üçün inkişaf aləti, dövlət üçün etibarlı informasiya mənbəyi, investor üçün güvən təminatı, cəmiyyət üçün isə şəffaflıq və hesabatlılıq mexanizmi kimi dəyərləndirilməsi təmin edilsin.
Bu, yalnız peşə vəzifəsi deyildir. Bu, dövlətçilik məsuliyyətidir. Bu, iqtisadi mədəniyyət məsələsidir. Bu, hüquqi dövlətin və şəffaf idarəetmənin tələbidir.
Sizləri əmin etmək istərdim ki, Auditorlar Palatası bu yolda öz fəaliyyətini qətiyyətlə, məsuliyyətlə və yüksək dövlətçilik şüuru ilə davam etdirəcəkdir.
Konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: