Ombudsman İnsan Hüquqları Gününə Həsr Olunmuş Konfransda Çıxış Edib





Azturkxeber.az çıxışı təqdim edir.
AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN (OMBUDSMANIN) İNSAN HÜQUQLARI GÜNÜNƏ HƏSR OLUNMUŞ “DÖVLƏTİN VƏ TƏSƏRRÜFAT SUBYEKTLƏRİNİN MƏNAFELƏRİNİN MÜDAFİƏSİNDƏ AUDİTİN ROLU”MÖVZUSUNDA KEÇİRİLƏN KONFRANSDA ÇIXIŞI
Hörmətli Vahid müəllim,
Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar, xanımlar və cənablar!
Sizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda keçirilən konfransda səmimiyyətlə salamlayıram.
İlk növbədə bu mühüm tədbirin təşkilində göstərilən səmərəli əməkdaşlığa görə Auditorlar Palatasına və şəxsən Palatanın sədri hörmətli Vahid Novruzova təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Bu sahədə möhkəm hüquqi və institusional təməl Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu əsasında formalaşdırılmışdır. Məhz Ulu Öndərin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsasını qoymuşdur.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin İnsan Hüquqları Günü kimi təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi yüksək dəyərin və bu sahədə həyata keçirilən ardıcıl siyasətin bariz ifadəsidir.
Bu ənənəyə uyğun olaraq cari ildə də 18 may –18 iyun tarixləri İnsan Hüquqları Aylığı elan olunmuş, respublikanın müxtəlif bölgələrində dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, elm və təhsil müəssisələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilmişdir. Bu təşəbbüs cəmiyyətdə insan hüquqları mədəniyyətinin möhkəmləndirilməsinə, hüquqi maarifləndirmənin genişləndirilməsinə və ictimai iştirakçılığın artırılmasına mühüm töhfə vermişdir.
İnsan Hüquqları Aylığının məntiqi davamı olaraq təşəbbüsümüzlə “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilmişdir. Otuzadək ölkədən ombudsmanların, milli insan hüquqları institutlarının, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdiyi Sammit insan hüquqlarının yeni texnoloji çağırışlar fonunda qorunmasına dair səmərəli beynəlxalq dialoq platformasına çevrilmiş, yekunda Bakı Bəyannaməsi qəbul edilmişdir.
Hörmətli qonaqlar,
Bugünkü konfransın mövzusu insan hüquqları ilə iqtisadi idarəetmə arasında mövcud olan qarşılıqlı əlaqəni bir daha ön plana çıxarır.
Müasir dövrdə insan hüquqlarının səmərəli təminatı yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır. Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə, sağlam sahibkarlıq mühitinin formalaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir.
Məhz buna görə audit institutu xüsusi əhəmiyyət daşıyır. Audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil, eyni zamanda şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir.
Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
İnsan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir.
Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk.
Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır.
Hörmətli konfrans iştirakçıları,
Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr audit institutunun inkişafına, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın daha da möhkəmləndirilməsinə, dövlətin və təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasına, eləcə də insan hüquqlarının daha səmərəli təmin olunmasına mühüm töhfə verəcəkdir.
Dövlət qurumları, peşə birlikləri, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edir və bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanırıq.
Sonda bir fikri xüsusi vurğulamaq istərdim: insan hüquqlarının etibarlı müdafiəsi yalnız güclü hüquqi mexanizmlərlə deyil, həm də şəffaf idarəetmə, hesabatlılıq, məsuliyyət və qanunun aliliyi prinsiplərinə sadiqliklə mümkündür. Audit də məhz bu dəyərlərin qorunmasına və möhkəmləndirilməsinə xidmət edən mühüm institutlardan biridir.
Diqqətinizə görə təşəkkür edir, konfransın işinə uğurlar arzulayıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: