azturkxeber.az
http://azturkxeber.az

“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib

24-06-2026

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində İsmayıllı rayonunda yeni fəaliyyətə başlayan İvanovka Aqroparkında “Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda sahə günü keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə media nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak edib.

Tədbir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin icrası çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi ölkədə toxumçuluğun inkişafını təşviq etmək, fermerlər arasında sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi, yerli sortların tanıdılması, müasir aqrotexniki tədbirlərin nümayiş etdirilməsi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının aqrar sahənin inkişafına verdiyi töhfələrin iştirakçıların diqqətinə çatdırılması olub.

Sahə günü çərçivəsində iştirakçılar İvanovka Aqroparkında yaradılmış toxumluq əkin sahələri və yerli sortlarla tanış olublar. Onlara sortların məhsuldarlığı, torpaq-iqlim şəraitinə uyğunluğu və xəstəliklərə davamlılığı barədə məlumat verilib. Bildirilib ki, aqroparkda növbəli əkin sistemi və izolyasiya qaydalarına riayət olunması yüksək keyfiyyətli toxum istehsalına şərait yaradır. Eyni zamanda qeyd olunub ki, yerli şəraitə uyğun sortların yaradılması və sertifikatlı toxumlardan istifadə məhsuldarlığın artırılmasına, məhsul itkilərinin azaldılmasına və toxumçuluq potensialının gücləndirilməsinə mühüm töhfə verir. AXA tərəfindən həyata keçirilən aprobasiya, laborator analiz və sertifikatlaşdırma tədbirlərinin də fermerlərin keyfiyyətli toxumlarla təminatında mühüm rol oynadığı vurğulanıb.

Qeyd edək ki, 2025-ci ildə AXA tərəfindən 80 min tondan çox toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb. Bu göstərici ölkədə toxumçuluq sahəsinin ardıcıl inkişafını, fermerlərin yüksək keyfiyyətli toxum və tinglərlə təminatının gücləndirilməsini, eləcə də kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələrini əks etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930