Prezident İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş başda olmaqla nümayəndə heyətini qəbul edib.
Azturkxeber.az xəbər verir ki, Dövlət başçısı TBMM sədrinin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəmini vurğulayıb.
Prezident İlham Əliyev gələcəkdə də ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müxtəlif tədbirlərin təşkil olunacağını qeyd edərək, İslam ölkələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Səmimi qəbula və Konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Numan Kurtulmuş Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını ifadə edərək, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Numan Kurtulmuş Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətin məzmun baxımından əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Shusha Declarationnin əhəmiyyətinə toxunulub, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq istiqamətində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının dünyada nadir nümunə olduğu qeyd edilərək, bunun hər iki xalqın ortaq sərvəti kimi dəyərləndirildiyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.
Görüşdə Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri, eləcə də bu əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: