Milli Məclisin sədri Sahibə Qafarova İƏTPİ Konfransının 20-ci sessiyasının açılış mərasimində çıxış edib


İyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının açılış mərasimi olub.
Azturkxeber.az xəbər verir ki, mərasimdə əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İƏTPİ Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciətini oxuyub.
Sonra açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti İƏTPİ-nin sədrliyini öz üzərinə götürərək, İttifaqın prinsiplərinin, məqsədlərinin və ortaq dəyərlərinin inkişaf etdirilməsinə tam sədaqətlə yanaşır.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin İƏTPİ-yə sədrliyi Azərbaycanın İslam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Çıxışda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib.
Azərbaycanın haqlı mövqeyinə daimi dəstəklərinə görə üzv ölkələrə və parlamentlərə minnətdarlığını bildirən Milli Məclisin sədri diqqətə çatdırıb ki, İslam həmrəyliyi prinsiplərini yüksək qiymətləndirən ölkəmiz onun təşviqində və daha da möhkəmləndirilməsində fəal iştirak edir. Azərbaycan İƏT Gənclər Forumunun və İƏT Əmək Mərkəzinin yaradılması kimi müxtəlif təşəbbüslər irəli sürüb və dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə kimi seçilib.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən və İslamın sülh və mərhəmət dini kimi həqiqi mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.
Azərbaycanın beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq, Əl-Qüds Əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət həllini qəti şəkildə dəstəklədiyini deyən Sahibə Qafarova vurğulayıb ki, bu mövqe ölkəmizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlardaki fəaliyyətində də öz əksini tapır.
Qeyd olunub ki, eyni mövqe Azərbaycan parlamenti tərəfindən də həyata keçirilir. Milli Məclisin 2024-2026-cı illərdə Asiya Parlament Assambleyasına 2 illik sədrliyi, eləcə də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə davam edən sədrliyi dövründə Fələstin məsələsi həmişə gündəlikdə qalıb və yekun bəyannamələrdə və qərarlarda lazımi qaydada əks olunub.
Son illər ərzində ölkəmiz Fələstin xalqının humanitar ehtiyaclarını qarşılamaq üçün dəfələrlə humanitar və maliyyə yardımı göstərib və bu dəstəyini davam etdirəcək.
Milli Məclisin sədri bildirib ki, zəngin tarixinə və mədəni irsinə, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf səylərinə ağır şəkildə təsir edir və onları məhdudlaşdırır. Bu çətinlikləri aradan qaldırmaq və potensialını tam həyata keçirmək üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə uyğun olaraq birlik və həmrəyliyə ehtiyac duyduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olan bir dünyada müsəlman ölkələri üçün birgə fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq və ortaq məqsədlər uğrunda çalışmaq heç vaxt bu qədər vacib olmayıb.
Çıxışda qeyd olunub ki, parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynamalıdırlar. Eyni dinə sahib olan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq, ziddiyyət və bölünmələr əvəzinə həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik.
Milli Məclisin sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm və effektiv bir çətir halına gəlib və əməkdaşlığın, birgə fəaliyyətlərin və ortaq məsələlər üzrə qəti mövqeyimizin inkişafı üçün vacib bir platformadır. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə cəmiyyətlərimizin üzləşdiyi çətinliklərin həllinə töhfə verə və xalqlarımızın rifahının artırılmasına nail ola bilərik.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, son bir neçə gün ərzində nümayəndə heyətləri Parlament İttifaqının orqanları çərçivəsində səmərəli və məhsuldar görüşlər keçiriblər. Bu müzakirələr əməkdaşlığımızı daha da möhkəmləndirmək və ortaq çətinliklərə birgə həllər tapmaq əzmimizin paylaşıldığını nümayiş etdirir. Bu kontekstdə, 20-ci sessiyanın mövzusu - “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” - həm vaxtında, həm də olduqca aktualdır.
Qlobal iqtisadiyyatın, getdikcə artan qarşılıqlı əlaqələrin dövlətlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayan Sahibə Qafarova bildirib ki, iqtisadi əlaqələri möhkəmləndirməklə, münasibətləri genişləndirməklə, investisiyaları təşviq etməklə, bilik və innovasiya mübadiləsini asanlaşdırmaqla gələcək nəsillərin xeyrinə regionumuzun nəhəng potensialından daha yaxşı istifadə edə bilərik.
Milli Məclisin sədri qeyd edib ki, davamlı və inklüziv iqtisadi inkişaf ölkələrimiz üçün ortaq məqsəddir. Bu məqsədə nail olmaq parlament əlaqələri vasitəsi də daxil olmaqla, bütün səviyyələrdə əlaqələndirilmiş səylər və əməkdaşlığa sadiqlik tələb edir. Onun sözlərinə görə, təşkilata üzv ölkələrin parlamentləri ticarət və investisiyalar qarşısındakı maneələrin aradan qaldırılmasına kömək etmək, gömrük əməkdaşlığını genişləndirmək və mövcud İƏT ticarət və iqtisadi əməkdaşlıq mexanizmlərinin effektiv tətbiqini təşviq etmək üzərində birgə işləyə bilərlər.
Spiker Sahibə Qafarova bildirib ki, qarşılıqlı əməkdaşlıq vasitəsilə, həmçinin regional əlaqələri möhkəmləndirən, ticarəti asanlaşdıran və İƏT-ə üzv dövlətlər arasında davamlı iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafını da dəstəkləyə bilərik.
Bundan əlavə, Milli Məclisin sədri qeyd edib ki, enerji təhlükəsizliyi, bərpa olunan enerji sahələrində əməkdaşlığın təşviqi də məqsədlərimizə nail olmağa töhfə verəcək.
O, çıxışına yekun vuraraq, diqqətə çatdırıb ki, İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı parlamentlərimiz arasında ünsiyyət, əlaqələndirmə və əməkdaşlıq üçün mühüm institusional çərçivə təmin edir. Azərbaycan Respublikasının Milli Məclisi İƏTPİ-nin sədrliyini öz üzərinə götürərkən, İttifaqın rolunu möhkəmləndirmək və ortaq prioritetləri inkişaf etdirmək üçün bütün üzv parlamentlərlə sıx əməkdaşlıq etməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: