Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb


Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov iyunun 24-də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin binasında Xocalı və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azturkxeber.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaq məsələləri, investisiya müsabiqələrində iştirak və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: