azturkxeber.az
http://azturkxeber.az

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub

23-06-2026

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub

Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub. Yeni çap bundan əvvəlki üçüncü nəşrin təkrarıdır.

Tərtibçinin verdiyi məlumata görə, AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb.

Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük”, coğrafi adlar üçün izah vermişdir. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülmüşdür. Cinas bayatı ustadının 288 səhifədə 500 (beş yüz) sayda dərc olunan nəşri İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş “Ön söz”üylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin sələf olaraq xələflərə ehtiramının ifadəsi kimi diqqət çəkir.

Tərtibçi ümumi tirajın bir hissəsinin Şərqi və Qərbi Zəngəzur icmaları arasında paylanacağını qeyd edib.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

Qeyd edək ki, İlham Qəhrəman istifadə etdiyi qaynaqlara tənqidi yanaşmış, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirmiş, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim etmişdir. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr Moldovada yaşayan hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə işıq üzü görüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930