Biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılmasına dair müzakirələr aparılıb
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib.
DVX-dən bildirilib ki, tədbirdə İşçi qrup üzvləri və onun fəaliyyətinə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun Azərbaycan üzrə apardığı qiymətləndirmələr barədə danışıb və hazırlanmış hesabatda ölkəmizin bu sahədə dünya üzrə qabaqcıl dövlətlər sırasında göstərildiyini qeyd edib. Bildirib ki, hesabat müəyyən dövr ərzində aparılan islahatları əhatə etdiyindən biznesin qeydiyyatı sahəsində görülən işlər növbəti illərdə hesabatın hazırlanması zamanı nəzərə alınacaq.DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankının son hesabatında aparılmış qiymətləndirmə, əldə edilmiş reytinq balları barədə iclas iştirakçılarını məlumatlandırıb. 2026-cı il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər barədə məlumat verən DVX rəisinin müavini bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən elektron apostil verilmiş xarici mənşəli sənədlərin tərcüməsinin distant qaydada notarial rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili məqsədilə müvafiq portalın yaradılması təmin edilib. Portalın yaxın həftələrdə istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması üçün DVX ilə KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə məqsədi daşıyan texniki imkanın yaradılması istiqamətində işlər davam etdirilir.
İşçi qrupun üzvləri olan Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəisi vəzifəsini icra edən Qismət Qurbanov və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri şöbəsinin müdiri Samir Musayev görülmüş işlər barədə məlumat veriblər.
İclasda 2026-cı il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Ekspertlər və konsaltinq şirkətlərinin nümayəndələri biznesin qeydiyyatı sahəsində təkliflərini səsləndiriblər.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (https://azranking.az/az/working-groups).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: