Özəl Sektor Forumu çərçivəsində “Regional rifah üçün ticarət və investisiyalarda risklərin azaldılması” mövzusunda panel sessiya keçirilib


Panel sessiyada regional inteqrasiya şəraitində ticarət və investisiya imkanlarının genişləndirilməsi, risklərin azaldılması mexanizmləri, kapitalın səfərbər olunması və regional bağlantıların dayanıqlı iqtisadi artıma çevrilməsi məsələləri müzakirə olunub.
Azturkxeber.az-ın məlumatına görə, 16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunda (“PSF 2026”) “Regional rifah üçün ticarət və investisiyalarda risklərin azaldılması” mövzusunda panel sessiyası keçirilib. Müzakirələrdə Azərbaycanın strateji qovşaq kimi rolu, ticarət və investisiya layihələrinin maliyyələşdirilməsi, həmçinin risklərin azalmasına yönələn alətlərin əhəmiyyəti vurğulanıb.
Tədbirin açılışında çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev regional bağlantıların, ticarət və investisiya əməkdaşlığının dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında tranzit marşrutları, enerji şəbəkələri, logistika infrastrukturu və rəqəmsal bağlantılar yeni iqtisadi imkanlar yaradır. O, həmçinin risklərin azaldılması mexanizmlərinin ticarət və investisiya layihələrinin həyata keçirilməsində rolu barədə danışıb.
Dövlət qurumları, beynəlxalq maliyyə institutları, sığorta və risklərin idarə edilməsi üzrə təşkilatlar, eləcə də özəl sektor təmsilçilərinin iştirakı ilə baş tutan panel müzakirələrində investisiya və ticarət risklərinin azaldılması, ixrac kreditləri, investisiya sığortası, zəmanət mexanizmləri, regional layihələrin maliyyələşdirilməsi və özəl kapitalın cəlbi məsələləri barədə fikirlər səsləndirilib.
Sessiyada risklərin azaldılması mexanizmlərinin ticarət və investisiya imkanlarını praktik layihələrə çevirməsi, regional əlaqələrin gücləndirilməsi, investisiya maneələrinin aradan qaldırılması və özəl kapitalın səfərbər olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hökumətlər, inkişaf institutları, maliyyə təşkilatları və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi regional rifah və dayanıqlı iqtisadi artım üçün mühüm əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: