Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin effektivliyinin artırılması məqsədilə növbəti təlim proqramlarına start verilib.
Azturkxeber.az xəbər verir ki, təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərində, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil olunub.
Təlimlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanmasının təmin olunması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin artırılması da təlimlərin əsas hədəfləri sırasında yer alır.
Proqram çərçivəsində iştirakçılara meyvəçilik və tərəvəzçilik sahələrində müasir becərmə üsulları, səmərəli təsərrüfatçılığın təşkili, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı texnikalarından düzgün və təhlükəsiz istifadə qaydaları, eləcə də iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən əkinlərin bəyan edilməsi qaydaları izah olunub, dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə prosedurları barədə təqdimatlar keçirilib. İnteraktiv formatda təşkil olunan təlimlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu günədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı və Məmmədbəyli, Xocalı rayonunun Ballıca və Xanyurdu, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Ağdərə rayonunun Həsənriz kəndi, eləcə də Laçın rayonunun Zabux kəndində yaşayan sakinlər üçün 194 təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 655 nəfər iştirak etmiş, onlardan 566 nəfəri proqramları uğurla başa vuraraq sertifikat əldə etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: