azturkxeber.az
http://azturkxeber.az

Quancouda Çin–Azərbaycan investisiya və ticarət əməkdaşlığı forumu keçirilib

22-05-2026

Çinin Quandon əyalətinin Quancou şəhərində Çin–Azərbaycan investisiya və ticarət əməkdaşlığına həsr olunmuş forum keçirilib. “Şirkətlərə dəstək, xarici bazarlara çıxış” devizi altında təşkil olunan Çin (Quandon Əyaləti) – Azərbaycan İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin aparatı və Çinin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.

Azturkxeber.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın biznes və investisiya mühitinin Quandonda tanıdılması, bu əyalətdən Azərbaycana investisiyaların cəlb olunması, eləcə də “Made in Azerbaijan” məhsullarının Quandon əyalətinə ixrac imkanlarının genişləndirilməsinin müzakirəsi olub.

Forumda dövlət qurumlarının, biznes assosiasiyalarının, ixrac və investisiya fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes mühiti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Çin ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi önəm verir. Teymur Nadiroğlu ölkəmizin regionda mühüm nəqliyyat-logistika qovşağı kimi rolundan, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və xarici investorlar üçün yaradılan əlverişli şəraitdən danışıb.

Qeyd olunub ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı bağlantı nöqtəsi olmaqla yanaşı, sabit biznes mühiti və geniş investisiya imkanları ilə seçilir.

Quandon Əyaləti Sənaye və Kommersiya Federasiyasının baş katibi Quan Sianmin Azərbaycanla iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tranzit imkanları, regional bazarlara çıxış üstünlükləri və investisiya mühiti Çin şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.

Forum çərçivəsində Azərbaycanda investorlar üçün tətbiq olunan imtiyaz və güzəştlərlə bağlı təqdimat da keçirilib.

Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science & Trade Co., Ltd.” şirkətinin baş direktoru Van Veyvey Çindəki Azərbaycan ticarət evlərinin fəaliyyəti, həmçinin ölkəmizin keyfiyyətli qida və içki məhsullarının Çin bazarında satış kanallarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə iştirakçı şirkətlərin nümayəndələrinin Azərbaycanın biznes mühiti, güzəşt mexanizmləri, logistika marşrutları və Çin bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı sualları cavablandırılıb.

Forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031