WUF13 çərçivəsində inklüziv və dayanıqlı şəhərlərin inkişafı müzakirə olunub





Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” mövzusunda panel sessiya keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, Panel sessiyada çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir. Onun sözlərinə görə, əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq, həmçinin yaşıllaşdırma istiqamətində fəaliyyətləri genişləndirməkdir.
Deputat qeyd edib ki, müxtəlif tarixi mərhələlərdən keçmiş şəhərlərin müasir dövrdə daha dayanıqlı və inkişaf etmiş formaya gətirilməsi mühüm nailiyyətdir. O vurğulayıb ki, xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bu yanaşmanın ən bariz nümunəsidir.
“Bu ərazilərdə reallaşdırılan layihələr inklüzivlik, sosial bərabərlik və müasir şəhərsalma standartları əsasında qurulur”, – deyə Vüqar İskəndərov əlavə edib.
Tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirdə beynəlxalq təcrübələr və yerli yanaşmalar geniş şəkildə müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: