Bahar Muradova WUF13 çərçivəsində keçirilən “Uşaqlar və gənclər dəyirmi masası”nda çıxış edib




Bahar Muradova: “Gəlin birlikdə elə şəhərlər,elə ictimai məkanlar quraq ki, orada hər ev uşaqların səsləri ilə dolu, hər kəs üçün yaşanıla bilən və dinc olsun!”
Azturkxeber.az xəbər verir ki, 21 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində “Uşaqlar və gənclər dəyirmi masası” təşkil olunub.
“Evlərimiz, gələcəyimiz: uşaqlar və gənclər üçün yaşana bilən şəhər mühitinin birgə dizaynı” mövzusuna həsr olunan tədbirin məqsədi uşaqlar və gənclərin şəhər idarəçiliyi, yaşayış mühiti və urbanizasiya proseslərində qərarverici tərəf kimi iştirakının təşviqi, onların hüquq və ehtiyaclarının şəhər siyasətində nəzərə alınması olub.
Dəyirmi masada açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclərin və uşaqların təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitində yaşamasının əhəmiyyətindən danışıb. O, dəyirmi masanı uşaqların və gənclərin təhlükəsiz, inklüziv və inkişafyönümlü şəhər mühitində yaşamaq hüquqlarının, qərarvermə proseslərində iştirakının təmin olunması istiqamətində mühüm müzakirə platforması kimi qiymətləndirib.
Dövlət Komitəsinin sədri Azərbaycanda uşaqların müdafiəsinin, təhlükəsiz və inklüziv mühitdə inkişafının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunmuş strategiya və normativ-hüquqi mexanizmlərdə öz əksini tapdığını qeyd edib. B.Muradova, uşaqlar üçün yaradılan əlverişli mühitin bütövlükdə cəmiyyətin rifahına xidmət etdiyini deyib və WUF13 çərçivəsində keçirilən müzakirələrin gələcək şəhər siyasətlərində uşaq hüquq və maraqlarının daha güclü nəzərə alınmasına töhfə verəcəyinə inamını ifadə edib.
Çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycanın beynəlxalq əməkdaşlığa və multikultural dəyərlərə açıq ölkə kimi formalaşdığını vurğulayaraq, ölkədə keçirilən beynəlxalq tədbir və təşəbbüslərin gənclərin qlobal proseslərdə daha fəal iştirakına imkan yaratdığını qeyd edib. O, gənclərin təşəbbüslərinin dəstəklənməsinin, onların qərarvermə və ictimai proseslərdə aktiv iştirakının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışı, eləcə də BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyenin videomüraciəti dinlənilib. Çıxışlarda uşaqlar və gənclərin şəhər planlaşdırılması proseslərinə cəlb olunması, iqlim dəyişikliklərinin urban mühitə təsiri, sosial bərabərliyin təmin olunması, təhlükəsiz və əlçatan yaşayış məkanlarının yaradılmasının vacibliyi qeyd edilib. Dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün gənclərin və uşaqların qərarvermə proseslərində iştirakının, adekvat mənzil, təhlükəsiz yaşayış mühiti, keyfiyyətli təhsil, mobillik və sosial imkanların hər kəs üçün əlçatan olmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən gənc lider Nərgiz Əhmədzadə və Banqladeş Milli Uşaq İşçi Qrupunun uşaq hüquqları müdafiəçisi İmtiaz Ahmed şəhərlərin və icmaların inkişafında uşaqların təhlükəsizliyi, təhsilə çıxışı və iştirakçılıq hüququnun vacibliyini vurğulayıblar. Kənd yerlərində və həssas icmalarda yaşayan uşaqların qarşılaşdığı sosial çətinliklərdən, təhlükəsiz yaşayış və təhsil mühitinin hər bir uşaq üçün əlçatan olmasının əhəmiyyətindən bəhs ediblər.
Açılışdan sonra keçirilən panel sessiyada gənclər tərəfindən hazırlanmış məlumatların və yerli təcrübələrin bələdiyyə və milli siyasətlərin formalaşdırılmasında nəzərə alınmasının vacibliyi vurğulanıb. Uşaqlar və gənclərin prioritetlərini əks etdirən siyasət tövsiyələri təqdim olunub, şəhərsalma və yaşayış siyasətində gənclərin iştirakını gücləndirəcək institusional mexanizmlərin yaradılması ilə bağlı çağırışlar səsləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: