azturkxeber.az
http://azturkxeber.az

Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

21-05-2026

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, Konfederasiyasının təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar xidmətlərin elektronlaşdırılması barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycanda aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması baxımından dövlət-özəl tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Aqrar sektorda dövlət dəstəyi ilə özəl sektorun investisiya, innovasiya və idarəetmə imkanlarının birləşdirilməsi kənd təsərrüfatında yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaradır. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar sahənin ölkə iqtisadiyyatında önəmli sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, aqrar sektorun davamlı inkişafı regionların iqtisadi potensialının güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin gəlirlərinin artmasına və ölkənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Rəşad Hüseynov tərəfindən “Kənd təsərrüfatı: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda təqdimat edib. ATM direktoru təqdimatda kənd təsərrüfatının əsas makro-iqtisadi göstəriciləri, aqrar sektorda əsas çağırışlar, kənd təsərrüfatının transformasiyası və investisiya bölgüsü, bu sahənin prioritet inkişaf istiqamətlərinə toxunub.

“Aqrar Süni İntellekt” (ASİ) layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə məlumat verib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən layihə aqrar sahədə data əsaslı idarəetmə və innovativ rəqəmsal həllərin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. ASİ layihəsi fermerlərin rifahının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və resurslardan daha səmərəli istifadənin təmin edilməsini hədəfləyir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı qurum tərəfindən aqrar sahədə aparılmış monitorinqlər nəticəsi ilə bağlı təqdimatla çıxış edib, sahibkarlar tərəfindən irəli sürülən təklifləri diqqətə çatdırıb.

Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmləri, aqrar sığorta mexanizminin tətbiqi, müasir texnologiyaların tətbiqi, ağıllı suvarma sistemləri, logistika və saxlama infrastrukturunun qurulması, kənd təsərrüfatının modernləşdirilməsi, emal sənayesinin inkişafı, qida zəncirinin qurulması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması, resurslardan səmərəli istifadə, məhsul itkilərinin azalması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, iqtisadi səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması, fermerlərin maarifləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı, bu sahədə kadr hazırlığı və digər məsələlərə toxunublar.

Təqdimatlardan sonra sahibkarların irəli sürdüyü təkliflər müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoqların genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031