Qazaxda “Zirvəyə doğru – Qazax 2026” düşərgə və yürüş proqramı təşkil olunacaq

Qazaxın 2026-cı il üzrə “İdman Paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27–29 may tarixlərində Qazax rayonunda xüsusi düşərgə və yürüş proqramı keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, üç gün davam edəcək tədbir iştirakçılara macəra, idman və təbiətlə vəhdət hissini bir arada yaşamaq imkanı yaradacaq. Proqram çərçivəsində iştirakçılar Qazaxın füsunkar təbiəti, tarixi məkanları və dağ marşrutları ilə tanış olacaq, qayalarda dırmanma və yürüş fəaliyyətlərində iştirak edəcəklər.
Düşərgə Qazax rayonunun Qarasu gölü ərazisində qurulacaq.
İlk gün iştirakçılar üçün qayalarda dırmanma məşqləri və açıq hava fəaliyyətləri təşkil olunacaq.
Növbəti gün Damcılı bulağından başlayaraq Avey məbədi, Qızılqaya dağı, mağaralar və Göyəzən dağı istiqamətində yürüş həyata keçiriləcək.
Marşrut boyunca iştirakçılar üçün foto dayanacaqları, istirahət və təbiət müşahidələri nəzərdə tutulur.
Tədbirin əsas hissələrindən biri isə Göyəzən dağına yürüş və zirvə görüntüləri olacaq.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin, dağçılıq və ekoturizm mədəniyyətinin təbliği, həmçinin regionların idman potensialının tanıdılmasıdır.
Tarix: 27–29 may
Məkan: Qazax rayonu – Qarasu gölü və Göyəzən marşrutu
Xüsusi düşərgə və yürüş proqramı KİV nümayəndələri üçün açıq olacaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: