azturkxeber.az
http://azturkxeber.az

Mikayıl Cabbarov: Böyük Qayıdış Azərbaycanın yeni inkişaf mərhələsidir

20-05-2026

Azərbaycan ərazilərinin işğalı və nəticədə əhalinin kütləvi şəkildə didərgin düşməsi ölkə üçün ciddi çağırışlar yaratdı.

Azturkxeber.az xəbər verir ki, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” mövzusunda dialoq sessiyasında çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, azərbaycanlıların Ermənistandan deportasiyası, eləcə də işğal altındakı ərazilərdən insanların didərgin düşməsi ölkə daxilində böyük sosial və humanitar təzyiq formalaşdırmışdı. Məcburi sosial miqrasiya, iqtisadi çətinliklərdən qaynaqlanan proseslər vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Bütün bunlar isə ölkədəki demoqrafik artım fonunda baş verirdi. Belə ki, müstəqillik əldə edilən dövrdə Azərbaycanın əhalisi 7 milyon nəfər idi, lakin növbəti 25 il ərzində bu rəqəm 10 milyona çatdı.

Mikayıl Cabbarovun sözlərinə görə, ümumi mənzərə bundan ibarət idi ki, ölkədə hər səkkiz nəfərdən biri qaçqın və ya məcburi köçkün idi. Eyni zamanda, əhəmiyyətli demoqrafik artım müşahidə olunur, paralel şəkildə müəyyən sosial-iqtisadi problemlər ortaya çıxırdı. 1990-cı illərin sonlarından etibarən sabitləşdirmə və bu problemlərin idarə edilməsinə başlanıldı.

Nazir vurğulayıb ki, 2003-cü ildən Azərbaycanda yeni mərhələ başlayıb. Məhz bu dövrdə ölkə iqtisadi baxımdan kifayət qədər güclü və sabit olub. Nəticədə əvvəlcə məcburi köçkünlər və qaçqınların məskunlaşdığı müvəqqəti düşərgələrin ləğvinə başlanılıb. Beləliklə, 2003-2020-ci illər məhz bu proseslərlə xarakterizə olunan mərhələ idi. 2020-ci ildən başlayaraq bu günədək davam edən dövr isə, əsasən, Böyük Qayıdış prosesi ilə yadda qalır. 30 ildən artıq müddətdən sonra insanlar nəhayət öz doğma torpaqlarına qayıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031