Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər aidiyyəti qurumlara göndərilib
Azərbaycanda insanların sağlamlığının qorunması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması sahəsində görülən tədbirlər ailə, qadın, uşaq siyasətinin uğurla həyata keçirilməsinə töhfə verib. Qəbul edilən qanunvericilik aktları isə bu sahədə yaranan yeni münasibətlərin tənzimləməsi və mövcud vəziyyətin təkmilləşdirilməsinə xidmət edir.
Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
O qeyd edib ki, bu il “Uşaq hüquqları haqqında” Qanunun və digər əlaqəli normativ aktların qəbulu uşaq hüquqlarının daha etibarlı təmini baxımından xüsusi önəm daşıyır.
“Məlumat üçün bildirmək istərdim ki, ombudsman mövzu ilə əlaqədar təqdim olunan normativ-hüquqi akt layihələrinə təkliflərini verib və həmin təkliflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınıb”, - deyə S.Əliyeva bildirib.
O qeyd edib ki, cari il ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Bununla yanaşı, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib.
“Həmçinin keçən il Azərbaycan Ombudsman təsisatı assosiativ üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tamhüquqlu üzvlüyünə qəbul edilib. Qeyd olunan nailiyyət uşaq hüquqlarının müdafiəsi sahəsində təsisatın fəaliyyətinin və ölkə təcrübəsinin daha geniş şəkildə təbliğinə və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradır”, - deyə S.Əliyeva əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: