azturkxeber.az
http://azturkxeber.az

Gəncədə folklorun izi ilə: elmi seminar milli mədəniyyətin qaynaqlarına işıq salıb

30-04-2026

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.

MEMİM-dən bildirilib ki, seminar Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə təşkil olunub.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək xalq yaradıcılığı, müxtəlif folklor janrlarının milli mədəniyyətin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor qaynaqlarının əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.

O, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da folklorun mədəni irsin tərkib hissəsi kimi təbliği və qorunmasının vacibliyini xüsusi vurğulayıb.

Vüqar Hümbətov seminarın təşkilinə yaradılan şəraitə görə filarmoniyanın rəhbərliyinə və dəstək göstərən qurumlara təşəkkürünü bildirib. MEMİM adından filarmoniyaya üzərində görkəmli bəstəkar Fikrət Əmirovun təsviri olan kiçik xalça hədiyyə edilib.

Sonra AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Gəncənin folklor antologiyaları”, bölmənin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyevanın “Nizami irsində folklor qaynaqları”, Bakı Dövlət Universiteti “Dədə Qorqud” elmi laboratoriyasının müdiri filologiya üzrə fəlsəfə doktoru, “Nənə qızlar” folklor ansamblının rəhbəri Almara Nəbiyevanın “Azərbaycan folklorunun təbliğində bədii kollektivlərin rolu” və AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəylinin “Azərbaycan bəstəkarlarının yaradıcılığında folklordan istifadə məsələləri” mövzularında məruzələri dinlənilib.

MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderator olduğu seminarda musiqi və rəqs nömrələri də təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl rayon Mədəniyyət Mərkəzi Qırıqlı kənd Folklor evinin “Haxışta” qrupu, Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin Qəmbər Hüseynli adına instrumental ansamblı çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930