azturkxeber.az
http://azturkxeber.az

“Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu baş tutub

28-04-2026

"ASAN xidmət"in və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu baş tutub.

Azturkxeber.az xəbər verir ki, məqsəd gənclərin ekoloji problemlərə innovativ və texnoloji yanaşmasını təşviq etmək, onların tətbiq oluna bilən rəqəmsal həllər hazırlamasını təmin etmək olub.

Proqram müddətində iştirakçılar sahə üzrə ekspertlərin iştirakı ilə panel müzakirələrdə və təlimlərdə iştirak ediblər.

İki gün davam edən tədbir 16 komandanı və 64 iştirakçını əhatə edib. Bu çərçivədə Xəzər dənizinin ekoloji vəziyyətinin və su ehtiyatlarının qorunması, ağıllı su idarəetməsi, enerji səmərəliliyi kimi məsələlər diqqətdə saxlanılıb. Bərpa olunan enerji həlləri, dayanıqlı və yaşıl şəhər mühiti, iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyasının azaldılması, ekoloji monitorinq və məlumatların süni intellekt vasitəsilə analizi kimi müxtəlif istiqamətlər üzrə hazırlanan layihələr münsiflər heyətinə təqdim edilib.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, IDEA İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov, ali təhsil müəssisələrinin prorektorları və nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Müsabiqədə Bakı Dövlət Universitetinin “BSUstainable” komandasının tələbələri I yeri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “DİAmonds” komandasının tələbələri II yeri, Bakı Ali Neft Məktəbinin “SynBHOSis” komandasının tələbələri isə III yeri tutublar. Komandalara müvafiq olaraq 2000, 1500 və 1000 AZN məbləğində pul mükafatı və sertifikatlar təqdim olunub.

Hakatonda ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin, Bakı Biznes Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.

Rəqəmsal həllər hakatonu gənclərin ekoloji problemlərin həllinə aktiv şəkildə qoşulmasını təşviq etməklə yanaşı onların innovativ potensialının üzə çıxarılmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verilməsinə hədəflənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930