Milli Kitabxanada “Əməkdar elm xadimi Nurəddin Kazımov – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub


28 aprel 2026-cı il tarixində tanınmış pedaqoq, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Nurəddin Kazımovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi Nurəddin Kazımov – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə alimin pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqoji prosesin təşkili və tərbiyə problemləri, ali məktəbdə pedaqoji prosesin təşkili və idarə olunması mövzularına həsr olunmuş əsərləri, dərs vəsaitləri, monoqrafiyaları, elmi məqalələri, metodik vəsaitləri, tərcümələri, redaktoru olduğu nəşrlər, həmçinin alimin həyat və fəaliyyətini əks etdirən ədəbiyyatlar nümayiş olunur.
Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olub. 1933–1943-cü illərdə III Beynəlmiləl adına orta məktəbdə təhsil alıbr. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub, 1947-ci ildə təhsilini davam etdirmək məqsədilə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülüb və 1950-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib.
Nurəddin Kazımov 1958-ci ildə pedaqoji elmlər namizədi, 1969-cu ildə pedaqoji elmlər doktoru elmi dərəcəsi almış, 1973-cü ildə professor elmi adına layiq görülüb.
Nurəddin Kazımovun əsas elmi və pedaqoji əsərləri arasında “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və digər kitablar yer alır.
Nurəddin Kazımovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: