Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində görüşlər keçirilib


Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.
Azturkxeber.az-ın məlumatına görə, bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlər keçirilir, onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də köç prosesinə aid məsələlər haqqında ətraflı məlumat verilir.
Bununla əlaqədar olaraq, növbəti tədbir məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Xırdalan şəhəri, Sevinc uşaq bağçasında keçirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları məcburi köçkünlərə sosial müdafiə tədbirləri və Böyük Qayıdışla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: