Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib






Cenevrədə yerləşən BMT-nin Millətlər Sarayında Avropa və Mərkəzi Asiya üzrə Qida Sistemlərinin Transformasiyası üzrə 4-cü Regional Görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdədə aqrar-qida sistemlərinin transformasiyası üzrə milli yol xəritələrinin icrasını sürətləndirmək, əldə olunan nəticələri qiymətləndirmək və region üzrə mövcud çağırışlara qarşı praktik həllər müzakirə olunub.
Görüşdədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova iştirak edib.
Leyla Cabbarlı-Mitova çıxışında ölkəmizin aqrar sahədə transformasiya yanaşmasını təqdim edib. Bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru ənənəvi modeldən müasir, innovativ və məlumat əsaslı aqrar-qida sisteminə keçid mərhələsindədir. Bu transformasiya aqrar xidmətlərin geniş miqyasda rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi ilə dəstəklənir və sektorun idarə olunmasında effektivliyi artırır.
Qeyd olunub ki, ölkədə həyata keçirilən aqrar siyasətin əsasını fermer mərkəzli yanaşma təşkil edir. Dövlət proqramları, maliyyə dəstəyi alətləri və digər mexanizmlər fermerlərin ehtiyaclarına uyğunlaşdırılaraq onların risklərinin azaldılmasına, məhsuldarlığın artırılmasına və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Bu çərçivədə qadınların və gənclərin aqrar sektorda rolunun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Çıxışda iqlim dəyişikliklərinin təsirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, hazırda ölkədə həyata keçirilən dövlət proqramları və dəstək mexanizmləri fermerlərin iqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinə uyğunlaşmasına yönəlib. Bu istiqamətdə suvarma sistemlərinin modernləşdirilməsi, torpaq resurslarından səmərəli istifadə, torpaqların şoranlaşması və deqradasiyası kimi problemlərin aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilir.
Eyni zamanda qeyd olunub ki, rəqəmsal məsləhət xidmətləri və erkən xəbərdarlıq sistemlərinin tətbiqi fermerlərə riskləri daha effektiv idarə etməyə imkan verir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracının şaxələndirilməsi iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından mühüm istiqamət kimi qiymətləndirilir. Ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişafı da dayanıqlı ərzaq təminatı və təbii resurslardan səmərəli istifadə strategiyasının tərkib hissəsi kimi ön plana çəkilir.
Tədbir çərçivəsində ölkələrin təcrübə mübadiləsi, aqrar maliyyələşmə üzrə tematik sessiyalar və elm, innovasiya və məlumat əsaslı siyasətlərin formalaşdırılmasına həsr olunmuş dəyirmi masalar keçirilib. Həmçinin breakout sessiyalarda iqlim dayanıqlığı və regional ticarət məsələləri üzrə praktiki yanaşmalar müzakirə edilib.
Qeyd edək ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf üzrə Regional Forumu çərçivəsində təşkil olunan tədbir dövlət qurumları, BMT agentlikləri, beynəlxalq maliyyə institutları, elmi-tədqiqat mərkəzləri, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrini bir araya gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: