azturkxeber.az
http://azturkxeber.az

AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

27-04-2026

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Azturkxeber.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə texnika, heyvan alışı və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı fermerlərə Aqrar Subsidiya Şurasının qəbul etdiyi və xüsusi ilə Naxçıvan üçün müəyyən olunan subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına tətbiq edilən dövlət güzəştləri, aqrar təyinatlı kredit məhsulları barədə ətraflı məlumat verilib.

AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra AKİA sədri rayonun Yurdçu kəndi ərazisində yerləşən, fermer Rəşad Əhmədova məxsus istixana kompleksinin fəaliyyəti ilə tanış olub. Fermerlərlə görüşdə aqrar sahədə innovativ texnologiyaların tətbiqi, təsərrüfatın inkişafı ilə bağlı dövlət dəstəyi mexanizmləri və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930