“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsinin qalibləri müəyyənləşib
Aprelin 21-də Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib.
Azturkxeber.az xəbər verir ki, yarışda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışında Xaçmaz rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanıb.
Həmçinin Quba rayonu Şahin Allahyarov adına ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib.
Şahmat yarışında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan IX və XI sinif şagirdlərdən ibarət 3 komanda iştirak edib.
Olimpiadada hər komanda 4 nəfərdən (2 oğlan və 2 qız) ibarət təşkil edilib. Maraqlı və gərgin keçən yarışda Quba rayonunu təmsil edən komanda I yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanıb.
“Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi müxtəlif sahələrdə bilik və bacarıqları ilə seçilən istedadlı şagirdləri aşkar etmək, onların əməkdaşlıq, ünsiyyət, liderlik, qərarvermə, müzakirə mədəniyyəti, komanda işi, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirməkdir. Bununla yanaşı, olimpiada sağlam rəqabət və regionlararası ünsiyyət mühitinin formalaşmasına da töhfə verir.
Olimpiada çərçivəsində iştirakçılar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:






