azturkxeber.az
http://azturkxeber.az

Şuşada Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclası keçirilib

15-04-2026

Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri Məcnun Məmmədov komissiyanın iclasının zəngin tarixə və mədəni irsə malik olan Şuşada keçirildiyini, Azərbaycanın tarixi torpaqlarının işğala və geniş dağıntılara məruz qaldığını, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında qalan bütün ərazilərin azad edildiyini, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını diqqətə çatdırıb. Nazir bərpa və quruculuq işlərində Azərbaycanın Latviya və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini ifadə edib.

Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan və Latviya arasında otuz ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Bildirilib ki, Azərbaycan Latviya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb.

Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze öz növbəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycan tərəfini təbrik edib, iclasın Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində keçirilməsindən və burda olmaqdan məmnun olduğunu qeyd edib. O, Latviyanın daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb. Latviyalı həmsədr Azərbaycanı mühüm iqtisadi tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Armands Krauze Azərbaycanın istehsal etdiyi məhsulların Avropa bazarına çıxışına kömək etməyə hazır olduqlarını bəyan edib. Komissiya həmsədri işgüzar əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi üçün effektiv platforma kimi Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacib olduğunu vurğulayıb.

İclasın sonunda Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, elm, təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının gələn il Riqada keçirilməsi barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930