azturkxeber.az
http://azturkxeber.az

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH

15-04-2026

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktorunun təyin olunması səhiyyə sistemində aparılan institusional yenilənmələrin növbəti mərhələsi kimi dəyərləndirilə bilər. Bu dəyişikliklər Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olan əhalinin sağlamlığının qorunması sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Ölkədə son illərdə formalaşdırılan siyasət nəticəsində səhiyyə infrastrukturunun yenilənməsi, tibb müəssisələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb və hazırkı qərarlar bu prosesin davamlılığını təmin edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun fikrincə, ölkə Prezidentinin 2026-cı il 19 mart tarixli Fərmanı icbari tibbi sığorta sisteminin idarə olunmasında yeni yanaşmanın tətbiqinə start verərək islahatların yeni mərhələsini müəyyənləşdirir. Bu mərhələdə əsas məqsəd tibbi xidmətlərin təşkilində daha çevik mexanizmlərin formalaşdırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və resursların daha səmərəli istifadəsinin təmin edilməsidir. Eyni zamanda, səhiyyə və sosial müdafiə sahələri arasında koordinasiyanın gücləndirilməsi sistemin bütövlükdə effektivliyini artıracaq əsas amillərdən biri kimi çıxış edir.

“Yeni modelə uyğun olaraq icbari tibbi sığorta üzrə maliyyə və idarəetmə funksiyalarının sosial müdafiə blokunda cəmləşdirilməsi, tibbi xidmətlərin maliyyələşdirilməsi və təşkili arasında balansın yaradılmasına imkan verəcək. Bu yanaşma icbari tibbi sığorta fondunun vəsaitlərinin idarə olunmasında şəffaflığın və səmərəliliyin yüksəlməsinə, xidmətlərin planlaşdırılmasında daha dəqiq mexanizmlərin tətbiqinə şərait yaradacaq. Nəticədə tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyəti yüksələcək, vətəndaşların sistemdən gözləntilərinin daha dolğun qarşılanması təmin ediləcək”, – deyə deputat vurğulayıb.

Vüqar İskəndərovun fikrincə, bu islahatların mühüm komponentlərindən biri də TƏBİB-in rolunun genişləndirilməsidir. Sığortaolunanların dərman və tibbi vasitələrlə təminatı üzrə funksiyaların TƏBİB-ə verilməsi tibbi xidmətlərin göstərilməsi prosesinin daha mərkəzləşdirilmiş şəkildə idarə olunmasına imkan yaradır. Bu yanaşma müalicə prosesinin fasiləsizliyini təmin etməklə yanaşı, xidmətlərin planlaşdırılması və icrasında inzibati maneələrin aradan qaldırılmasına da töhfə verəcək.

“TƏBİB-in funksional imkanlarının artırılması təşkilatın institusional mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Bu isə daha çevik idarəetmə modelinin formalaşdırılmasına, qərarların daha operativ qəbul edilməsinə və vətəndaşyönümlü xidmətlərin genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, səhiyyə sistemində həyata keçirilən dəyişikliklərə strateji nəzarətin gücləndirilməsi və qurumlararası əməkdaşlığın genişləndirilməsi kompleks qərarların icrasını sürətləndirəcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin korporativ idarəetmə mexanizmlərinin yenilənməsi də bu prosesin mühüm hissəsidir. Müşahidə Şurasının yenilənmiş tərkibi idarəetmədə şəffaflığın artırılmasına, maliyyə və strateji qərarların daha səmərəli koordinasiyasına imkan verəcək. Bu dəyişikliklər dövlət qurumları ilə əməkdaşlığın dərinləşməsinə və səhiyyə sistemində vahid yanaşmanın formalaşmasına xidmət edir.

Ümumilikdə aparılan institusional yeniliklər TƏBİB-in müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafını sürətləndirir. Bununla qurumun səhiyyə sisteminin mövcud çağırışlarına operativ reaksiya vermək imkanları genişlənir, tibbi xidmətlərin göstərilməsində onun rolu daha da möhkəmlənir. Nəticədə əhaliyə təqdim olunan tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi, əlçatanlığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində mühüm irəliləyiş əldə olunacağı gözlənilir”, – deyən Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930