azturkxeber.az
http://azturkxeber.az

AQEM Qadınlar Şurasının ilk iclası keçirildi

15-04-2026

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, bugünkü görüş qadınların rolunun gücləndirilməsi, dialoqun inkişafı və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır.

Azturkxeber.az-a verilən məlumata görə, komitə sədri iştirakçılara məzmunlu çıxışlarına görə təşəkkürünü bildirərək qeyd edib ki, irəli sürülən təkliflər gələcək fəaliyyət üçün etibarlı zəmin rolunu oynayacaq və konkret nəticələrin əldə olunmasına imkan verəcəkdir.

Komitə sədri, Azərbaycan sədrliyinin institusional inkişaf prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün iştirakçı dövlətlər tərəfindən geniş dəstək qazandığını diqqətə çatdırıb. O əlavə edib ki, bu Şura qarşılıqlı etimadın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərin təşviqi üçün təsirli mexanizm olacaq.

AQEM-in Baş katibi Kayrat Sarıbay qeyd edib ki, Qadınlar Şurasının yaradılması dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmini göstərir. O, Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdiyinə görə, Azərbaycan sədrliyinə dərin minnətdarlığını bildirib.

Baş katib bildirib ki, illər keçdikcə AQEM Asiya dövlətlərini sülhün, sabitliyin və genişspektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilib. Bu gün Asiya AQEM-in missiyasını hər zamankından daha aktual edən çağırışlarla üz-üzədir.

“Geosiyasi təlatümlər, iqtisadi qeyri-sabitlik və artan sosial-humanitar ehtiyaclar bizdən yalnız dialoq platforması olmağı deyil, həm də etimadı gücləndirməyə, koordinasiyanı təmin etməyə, regionda sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafı təşviq etməyə qadir olan konkret təşəbbüslərin mənbəyi olmağımızı tələb edir” - deyə o əlavə edib.

İclas Dövlət Komitəsinin sədr müavini, Qadınlar Şurasının üzvü Sədaqət Qəhrəmanovanın sədrliyi təqdimatı ilə davam edib.

O çıxışında vurğulayıb ki, Qadınlar Şurasının təsis edilməsi davamlı inkişafın, iqtisadi artımın və regional təhlükəsizliyin təminində qadınların fəal iştirakının artırılması baxımından vacib və vaxtında atılmış addımdır.

S. Qəhrəmanova, Qadınlar Şurasının, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün məsləhətçi mexanizm kimi yaradıldığını, Şuranın fəaliyyətinin tövsiyələrin hazırlanmasına, səylərin koordinasiyasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönələcəyini bildirib.

Komitə sədrinin müavini bəzi ölkələrdə qadınların iqtisadi və ictimai-siyasi proseslərdə iştirakını məhdudlaşdıran struktur maneələrin hələ də mövcud olduğunu da qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Qadınlar Şurasının yaradılması birgə həll yollarının axtarışı və effektiv dəstək mexanizmlərinin hazırlanması üçün yeni imkanlar açır.

“Azərbaycanın təcrübəsi göstərir ki, qadınların təhsilə, maliyyə resurslarına və müasir texnologiyalara çıxışı təmin edildikdə mühüm sosial-iqtisadi nəticələr əldə olunur. Qadınların sahibkarlıq, rəqəmsal xidmətlər və dayanıqlı təşəbbüslərdə fəal iştirakı cəmiyyətin rifahına ciddi töhfə verir”-deyə o əlavə edib.

Daha sonra AQEM-ə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri çıxış edərək, qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə ediblər.

Qeyd edilib ki, regionda icma həmrəyliyinin, o cümlədən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması, ətraf mühitin qorunması, qadınların iştirakının təmin edilməsi, iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərin və qadın sahibkarlığının dəstəklənməsi, həmçinin əməkhaqqı fərqinin aradan qaldırılması dayanıqlı gələcəyin, təhlükəsiz və dinamik cəmiyyətin formalaşması üçün vacib amillərdir.

Müzakirələrin yekununda AQEM Qadınlar Şurasının tövsiyə sənədi qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930