azturkxeber.az
http://azturkxeber.az

Milli dəyərlərə qarşı informasiya təxribatları və Azərbaycanın güclü dövlətçilik iradəsi

02-04-2026

Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksələn nüfuzu və Prezident cənab İlham Əliyevin apardığı sistemli, ideoloji və strateji xətti ölkəmizə qarşı yönələn bəzi xarici dairələrin maraqlarına uyğun gəlmir. Buna görə də tənqid adı altında məqsədli təhriflərə, emosional manipulyasiyalara, şantaj və böhtana üstünlük verirlər. Bu isə nə demokratik debat, nə də sağlam fikir mübadiləsidir. Bu, içtimai şüura, milli-ənənəvi dayaqlara yönəlmiş ideoloji provokasiyadır. Ən narahat edici məqam isə odur ki, bu hücumlar zaman-zaman insani və etik çərçivələri aşaraq şəxsiyyətə, cəmiyyətin mənəvi simvollarına və milli birlik duyğusuna qarşı yönəlir. Azərbaycan xalqı bu cəhdləri sadəcə etik qaydalara zidd davranış kimi deyl, həm də milli özünüdərkə və dövlətçilik ənənələrinə təxribat kimi qiymətləndirir.

Özünü "həqiqətin müdafiəçisi" kimi təqdim edən bəzi qruplar informasiya alətindən sui- istifadə edərək məsuliyyətsiz çağırışları fərqli fikir adı altında legitimləşdirməyə çalışırlar. Son dövrlər sosial şəbəkələrdə, müxtəlif media platformalarında yayılmış əsassız ittihamlar, böhtanlar və yönəldilmiş təbliğat kampaniyaları göstərir ki, bəzi dairələrin real məqsədi cəmiyyətə töhfə vermək deyl, əksinə onların hədəfi ictimai etimadı sarsıtmaq, milli həmrəyliyimizi zəiflətmək və ölkəmizdə formalaşmış inkişaf mühitini kölgə altına almaqdır. Bu artıq şəxsi fikir ifadəsi yox, ictimai şüura yönəlmiş sistemli təsirin klassik formasıdır.

Hüquq-mühafizə orqanlarının araşdırmaları göstərdi ki, informasiya təxribatlarının arxasında məqsədli şəbəkələr, siyasi motivlər və xarici maliyyələşmə dayanır. Medianın təqdim etdiyi sənədlər və faktlar da bunu təsdiq edir ki, "azad söz" pərdəsi altında çıxış edən vətən xainləri əslində sifarişli maraqlara xidmət edir.

Sosial mediada Prezidentimiz və ailə üzvlərinə qarşı aqressiv kampaniyaların artması isə daha təhlükəli bir tendensiyanın göstəricisidir. Müstəqil siyasətə, sağlam düşüncəyə qarşı yönəlmiş bu addım tənqid deyil, intelektə, milli-mənəvi dəyərlərə qarşı təxribatdır. Belə çıxışlar nə yenilikdir, nə də cəsarətdir, sadəcə məsuliyyət anlayışından və ictimai etikadan uzaq olmaqdır. Bütün bu proseslərə rəğmən Azərbaycan cəmiyyəti öz ideya dayaqları, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələri ilə kifayət qədər güclüdür. Xalqımız yaxşı bilir ki, ölkəmizdəki sabitlik və inkişaf illərlə formalaşmış ardıcıl siyasətin məntiqi nəticəsidir. Bu siyasətin mərkəzində isə dövlət maraqları, milli dəyərlər və gələcək nəsillərə daha güclü Azərbaycan dövlətini miras qoymaq strategiyası dayanır. Xalqımızın öz dövlətinə, Liderinə və milli- mənəvi dəyərlərinə bağlılığı təsadüfi deyil. Bu bağlılıq hər şeydən əvvəl tarixi təcrübəyə, dövlətçilik yaddaşına söykənir. Məhz buna görə də dezinformasiya kampaniyası səs-küy yaratsa da həqiqətin qarşısında davam gətirə bilməz. Zaman keçdikcə manipulyasiyalar tam ifşa olunacaq, tarixdə qalan isə həqiqət, milli-iradə və Azərbaycan dövlətçiliyinin daşıdığı tarixi məsuliyyət olacaq.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930