XIII Qlobal Bakı Forumu: Azərbaycanın sülh və əməkdaşlıq mesajı

Prezident cənab İlham Əliyevin himayəsi və təşkilatçılığı, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Bakıda keçirilən Qlobal Bakı Forumu ənənəyə çevrilmişdir. Qlobal Bakı Forumu artıq Beynəlxalq aləmdə nüfuzlu diplomatik bir platformaya çevrilmiş və dünyada iri miqyaslı mühüm forum və tədbirlərlə eyni səviyyədə ölçülür.
Forumun artan nüfuzunun nəticəsidir ki, tədbirə qatılan sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin və beynəlxalq təşkilatların rəhbərlərinin sayı hər il artmaqdadır. Bu ilin 12 mart tarixindən Bakıda "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başladı. Forumda günümüz üçün olduqca aktual olan, eləcə də dünyada geosiyasi təlatümlərin getdikcə dərinləşdiyi global münaqişələrin həlli istiqamətində müzakirələr aparılacaq və təkliflər irəli sürüləcək. Forumun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev müasir dünyada hər bir dövlətin təhlükəsizliyinin, müdafiə məsələlərinin prioritet bir məsələ olduğunu xüsusi vurğuladı və ölkələrin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq prinsiplər çərçivəsində qorunmalı olduğunu qeyd etdi. Bu baxımdan Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun hərbi, siyasi və diplomatik yolla 30 il işğalda qalan torpaqlarını azad etməsi, suverenliyimiz və ərazi bütövlüyümüzün bərpa edilməsi dünya dövlətləri üçün bir örnəkdir. Ölkə başçımız çıxışında torpaqlarımızın 30 illik işğalı dövründə təzyiqlərlə üzləşdiyini, ATƏT və onun qurumu olan Minsk Qrupunun yarıtmaz fəaliyyəti haqqında da məlumat verdi. Minsk Qrupu illərlə münaqişənin həll olunmasına deyl, onun uzadılmasına, Azərbaycan torpaqlarının işğalda qalması üçün fəaliyyət göstərmişdir. Son onilliklərdə Azərbaycan yeganə dövlətdir ki, hərbi və siyasi yolla öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və sülhün yaradılmasının təşəbbüsünü irəli sürdü. Prezident cənab İlham Əliyev çıxış etdiyi bütün beynəlxalq təşkilatların tədbirlərində Azərbaycan dövlətinin ədalətin, sülhün, əmin-amanlığın təşviq etdiyini bəyan etmişdir. XIII Qlobal Bakı Forumunda da ölkəmiz bu siyasətə sadiqliyini nümayiş etdirdi.
Azərbaycan dünyaya sübut etdi ki, münaqişələrin ən optimal həll yolu müharibə aparan dövlətlərin siyasi iradəsindən asılıdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasətin nəticəsidir ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır. Regionda sülhün daimi və dayanıqlı olması üçün Azərbaycan ilk olaraq Ermənistana gedən bütün nəqliyyat komunikasiyalarını açmışdır. Bu həm də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yolun açılmasına xidmət edir. Bu gun Azərbaycandan keçməklə Ermənistana yüklər daşınır, həmçinin Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Beləliklə iki ölkə arasında ticarət əlaqələri qurulmağa başlamışdır. Şübhəsiz ki, bu Ermənistan iqtisadiyyatının inkişafına böyük təkandır.
Azərbaycan regionla yanaşı beynəlxalq müstəvidə də siyasi və iqtisadi yüksəlişin bərpasında mühüm rol oynayan dövlətdir. Bu gün ölkəmiz dünyanın 16 dövlətinə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa dövlətidir. Azərbaycan bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verir. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulan bir amildir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Avropa dövlətlərinə ixrac ediləcək ki, bu da bu dövlətlərin milli təhlükəsizliyinə böyük töhfə verəcək.
XIII Qlobal Bakı Forumunda Azərbaycanın təqdim etdiyi sülh gündəliyi dünya üçün bir yol xəritəsi və davam edən müharibələrin sülh yolu ilə həll istiqamətində önəmli tövsiyələrin irəli sürüldüyü bir platforma olacaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: