azturkxeber.az
http://azturkxeber.az

Rövşən Tağıyev: Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

13-03-2026

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər barədə danışıb.

O bildirib ki, yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir. Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər bu davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır.

Rövşən Tağıyevin sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır. Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün özünün, həm də digər insanların həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Onun sözlərinə görə, sürücülər arasında daha çox rast gəlinən təhlükəli vərdişlər bunlardır:

Sükan arxasında telefondan istifadə etmək – Mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Ara məsafəsini düzgün saxlamamaq – Xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.

Sürət həddini aşmaq – Yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.

Yorğun və yuxusuz halda avtomobil idarə etmək – Uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.

Riskli və tələsik manevrlər etmək – Zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.

R.Tağıyev qeyd edib ki, yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və bu sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Onun sözlərinə görə, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031