Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib


Dövlət Gömrük Komitəsinin sədri Saatlı şəhərində vətəndaşları qəbul edib.
Azturkxeber.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Martın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Saatlı rayon Gənclər Evində Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.
DGK sədri qəbuldan öncə Saatlı şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: