azturkxeber.az
http://azturkxeber.az

Odun simvolik mənaları xalça kompozisiyalarında geniş şəkildə təsvir edilib – Lalə Hüseynova

05-01-2026

Od simvolu insan mədəniyyətində yalnız fiziki enerji mənbəyi kimi deyil, həm də şüur, təmizlənmə, dəyişmə və davamlılıq anlayışlarının daşıyıcısı kimi formalaşıb. Tarixi və mədəni inkişaf prosesində odun təzahür formaları zahiri alovdan - şölədən daxili və səssiz istiliyə - közə doğru mərhələli şəkildə dəyişib. Bu dəyişmə təkcə fiziki yox, həm də simvolik bir xarakter daşıyır.

Şölə odun hərəkətli, görünən və təsirli forması kimi ani gücü və enerjini təmsil edirsə, köz onun dərin, davamlı və yaddaş daşıyan halıdır. Sənətdə və xüsusilə dekorativ-tətbiqi incəsənətdə bu keçid odun zahiri təsirindən mənəvi və sakral mahiyyətinə doğru yönəlməsini ifadə edir. Beləliklə, od artıq yalnız yandıran deyil, qoruyan, birləşdirən və varlığın davamlılığını təmin edən simvola çevrilir. Bu baxımdan od, şüurun mərkəzini təmsil edən, daim hərəkətdə olan və qeyri-sabit təbiəti ilə varlığın dinamik mahiyyətini əks etdirən bir simvoldur.

Bu fikirləri Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Hüseynova AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirib. Onun fikrincə, Şərq fəlsəfəsində od dəyişimin və azadlığın mahiyyəti hesab olunur. Müqəddəs od tarixboyu güc və legitimlik mənbəyi kimi qəbul edilib. Qədim cəmiyyətlərdə hərbi yürüşlərə çıxan orduların müqəddəs odu özləri ilə aparması bu ünsürün ilahi qoruma və qələbə ideyası ilə əlaqələndirildiyini göstərir. Bu odu daşıyan şəxs “Oder” adlandırılıb. Odun digər təbii ünsürlərlə münasibəti də simvolik məna daşıyır: od torpağın ölümü, hava isə odun sönməsi ilə var olur. Bu qarşılıqlı asılılıq varlığın dövri təbiətini ifadə edir.

“Odun simvolik mənaları memarlıqda, bəzək-tətbiqi sənətdə və xüsusilə xalça kompozisiyalarında geniş şəkildə təsvir edilib. Dünya xalqlarının incəsənət ənənələrində od motivlərinin xüsusi yer tutması onun universal xarakterini sübut edir.

Şamanizm inanc sistemində od müqəddəs varlıq kimi qəbul edilir. Minilliklər boyu odun qorunması əsasən qadınların öhdəsində olub və oda şəxsiyyət verilib. Bu kontekstdə od “Od Ana” və ya “Od İne” adlandırılır. Od yalnız fiziki çirklərdən deyil, eyni zamanda pislikdən, mənfi düşüncələrdən və neqativ enerjidən təmizləyən bir güc hesab olunur. Bu səbəbdən oda zibil atılmır, çünki od maddi tullantıların məhv edildiyi yer deyil, mənəvi saflaşmanın məkanıdır”, - deyə müsahihibimiz qeyd edib.

Lalə Hüseynova əlavə edib ki, nəticə etibarilə od simvolu şüur, dəyişmə, təmizlənmə və güc anlayışlarını özündə birləşdirən universal bir rəmzdir. Fərqli mədəniyyət və inanc sistemlərində müxtəlif formalarda təzahür etsə də, odun mahiyyəti hər zaman varlığın başlanğıcı və davamlılığı ilə əlaqələndirilib. Bu baxımdan od həm maddi, həm də mənəvi müstəvidə insanlıq tarixinin ən fundamental simvollarından biri olaraq qalmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031