Dövlət Komitəsində Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri ilə görüş keçirilib
22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüş keçirib.
Komitə sədri qonaqları salamlayaraq, Azərbaycan və Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri istiqamətində qarşılıqlı maraqlara əsaslanır.
B. Muradova ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
O, həmçinin qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışıb. Qeyd edib ki, erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də maraqla qarşılanıb: “Bu dəyişikliklər uzun illərdir mövcud olan problemlərin həlli üçün real imkanlar yaradır. Mövcud qanunvericilik çərçivəsi ailə siyasətinin həyata keçirilməsində və proseslərin idarə olunmasında mühüm rol oynayır,” – deyə o əlavə edib.
Sədr, Serbiya dövlətinin ailə institutuna göstərdiyi dəstək tədbirləri ilə tanış olduğunu bildirib və bu sahədə Serbiyanın təcrübəsini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanın bu təcrübəni öyrənmək və tətbiq etmək niyyəti var.
Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Azərbaycanın qeyd edilən sahələrdə əldə etdiyi nailiyyətlərin və təcrübənin Serbiya üçün də maraqlı olduğunu qeyd edərək, gələcəkdə birgə layihələrin və ekspert mübadiləsinin həyata keçirilməsinin vacibliyini bildirib.
Nazir qeyd edib ki, ailələrin iqtisadi gücləndirilməsi, uşaqların zorakılıqdan müdafiəsi, sosial siyasət sahəsində layihələrin həyata keçirilməsi, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və qanunvericilik sahəsində aparılan islahatlar Serbiya hökumətinin prioritet istiqamətlərindəndir.
O, həmçinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilən proqramlar haqqında məlumat verərək, bu təşəbbüslərin ailələrin sosial rifahının artırılmasına, qadınların və uşaqların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.