Ombudsman Səbinə Əliyeva: “Psixi sağlamlıq hüququ fundamental insan hüququdur”
“Psixi sağlamlıq hüququ hər bir fərdin fiziki, psixoloji və emosional rifahını təmin edən fundamental hüquqdur. Bu hüquq təkcə tibbi yardım almaqla məhdudlaşmır. Eyni zamanda, psixi sağlamlıq problemləri olan insanların stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını da əhatə edir. Yəni, psixi pozuntulardan əziyyət çəkən insanlar damğalanmadan, təcrid olunmadan tamhüquqlu və ləyaqətli şəkildə yaşamaq imkanına malik olmalıdırlar.
Bu gün insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində “psixi sağlamlıq hüququ” anlayışı geniş istifadə edilməkdədir. Psixi sağlamlıq hüququ artıq universal insan hüquqları siyahısında özünə yer tapmışdır.
Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai səhiyyə, insan hüquqları və dayanıqlı inkişaf sahəsində prioritet elan edib. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3.4-cü hədəfi məhz psixi sağlamlığın və rifahın təşviqinə həsr olunub. 2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı təlimat xarakterli birgə sənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ökələrində psixi sağlamlıq sahəsində islahatlara təkan verilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və nəticə etibarilə keyfiyyətli psixiatriya yardımının göstərilməsi istiqamətində yol xəritəsini təqdim edir. Biz də bu beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinə çalışmalıyıq”