Aqrar Tədqiqatlar Mərkəzi ilə Vaqeningen Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə kənd təsərrüfatı elmləri sahəsində dünyanın ən nüfuzlu elmi tədqiqat mərkəzlərindən biri olan Hollandiyanın Vaqeningen Universiteti (WUR) arasında görüş keçirilib.
Azərbaycanın Hollandiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Vaqeningen Universitetinin Asiya regionunda tərəfdaşlarla iş üzrə meneceri Kalyan Guntuboyina, Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev iştirak edib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov görüş iştirakçılarını salamlayaraq Mərkəz haqda geniş məlumat verib. Direktor Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb.
Qarşı tərəf də öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti haqda məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlığın mümkün olduğu əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumat mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üzrə ilkin razılıq əldə edilib. Eləcə də akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və s. məsələlərlə bağlı fikirlər bölüşülüb.
Digər çıxışçılar da əməkdaşlıq üçün prioritet sahələr olaraq kənd təsərrüfatında və kənd təsərrüfatı siyasətində dövlət tənzimlənməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərinin başa düşülməsi, kənd təsərrüfatının sosial aspektləri də daxil olmaqla davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi məsələləri, kənd yerlərinin inkişafı strategiyaları, təlim ehtiyaclarının qiymətləndirilməsi və s. məsələləri qeyd ediblər.