azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Serbiya parlamentlərinin spikerləri mətbuata bəyanatla çıxış ediblər

24-09-2025

Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan parlamentinin spikeri Milli Assambleya sədrinin səfərinin ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının bir göstəricisi olduğunu söyləyib. Onun sözlərinə görə, bu, eyni zamanda, əməkdaşlığı daha da genişləndirmək niyyətinin ifadəsidir.

Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ardıcıl inkişafından məmnunluğunu bildirən spiker Sahibə Qafarova deyib ki, siyasi, iqtisadi, ticari, enerji və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir. Eyni zamanda, bir sıra istiqamətlərdə də əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanlar var.

Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərləri, müntəzəm görüşləri, dostluq münasibətləri ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişafında xüsusi rola malikdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından da çox vacib xarakter daşıyır.

Milli Məclisin sədri, bu gün ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd edib.

Ana Brnabiçlə görüşdə parlamentlərimiz arasındakı əlaqələrin mövcud vəziyyətinin nəzərdən keçirildiyini söyləyən Sahibə Qafarova ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdə bu istiqamətin xüsusi yerə malik olduğunu bildirib. Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü ildə iki parlament arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu əlaqələrin mühüm bazasını təşkil edir. Ötən dövr ərzində parlament sədrlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib. Qeyd olunub ki, tərəflər arasındakı görüşdə beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyət, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi, parlament komitələri arasında əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi kimi mümkün istiqamətlər nəzərdən keçirilib.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, ölkələrimiz arasında münasibətlərin inkişafına uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. O, Azərbaycan-Serbiya parlamentlərarası münasibətlərin mükəmməl səviyyədə olduğunu, bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Ana Brnabiç qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlıq münasibətləri olduqca sıx və inkişaf etməkdədir. Onun sözlərinə görə, bu əlaqələr örnək təşkil edir. Azərbaycana səfərini səbirsizliklə gözlədiyini vurğulayan Serbiya parlamentinin sədri diqqətə çatdırıb ki, Bakı çox sürətlə inkişaf edir.

O, həmçinin Azərbaycanın dünyada ən etibarlı enerji təchizatçılarından biri olduğunu vurğulayaraq, deyib ki, Serbiya enerji sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, son 5 ildə Azərbaycan-Serbiya münasibətləri intensivləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930