Azər Bayramov: İƏT-in Əmək Mərkəzi üzv dövlətlər arasında əməkdaşlıq üçün yaradılmış mühüm platformadır
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi üzv dövlətlər arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq üçün yaradılmış mühüm platformadır. Azərbaycan bu mərkəzin fəaliyyəyinin həyata keçirməsində əvəzsiz rol oynayır. Bu, əmək və məşğulluq sahəsində İƏT çərçivəsində əməkdaşlığın və həmrəyliyin inkişafında ölkənin liderliyini aydın şəkildə nümayiş etdirir.
Bunu İƏT-in Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Bakıda keçirilən qurumun İcraiyyə Şurasının iclasında bildirib.
"Bu il keçirilən Qlobal Əmək Bazarı Konfransı kimi təşəbbüslərdə əməkdaşlığımız üzv dövlətlər arasında önəmli tərəfdaşlıqların möhkəmlənməsinə imkan yaratdı. Missiyamız layiqli əməyin təşviqi, peşə təhlükəsizliyi və sosial müdafiənin gücləndirilməsi, dayanıqlı və inklüziv əmək bazarlarının qurulmasına dəstəkdir. Bu iclas bizim üçün fəaliyyətlərə nəzər salmaq, strateji planı və əsas təşəbbüsləri müzakirə etmək, həmçinin gələcək üçün yol xəritəsini müəyyənləşdirmək baxımından gözəl fürsətdir. Burada veriləcək qərarlar mərkəzin gələcəyini formalaşdırmaqda həlledici rol oynayacaq",- deyə o bildirib.