azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb

22-09-2025

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.

Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını deyib.

Ölkəmizlə “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930