azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər haqqında danışıb

17-09-2025

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxışı zamanı Azərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına və onların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir.

Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ verib. 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti və təşəbbüsləri haqqında da danışıb. O deyib ki, Azərbaycan Milli Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak edərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü dəstək verir. Eyni zamanda qeyd olunub ki, Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın 2019-cu ildə Bakıda keçirilən Doqquzuncu Plenar Sessiyasında təsis edilib. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli Məclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digər parlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq çərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı Qrupunun işində fəal iştirak edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930