FNSEA kənd təsərrüfatı istehsalçılarını genişmiqyaslı etiraz aksiyasına çağırıb
Fransanın əsas kənd təsərrüfatı həmkarlar ittifaqlarından olan FNSEA sentyabrın 25-də ölkə üzrə genişmiqyaslı etiraz aksiyası keçirməyə çağırıb. Həmkarlar ittifaqının prezidenti Arno Russo bu təşəbbüsü Mercosur ticarət razılaşmasına, Donald Trump tərəfindən tətbiq olunan əlavə vergi rüsumlarına və beynəlxalq idxal axınına qarşı bir cavab olaraq təqdim edir. Onun sözlərinə görə, bu idxal məhsulları Fransa standartlarına uyğun deyil və nə sağlamlıq, nə də ətraf mühit baxımından qəbulolunandır.
A. Russo bu haqda “ Journal du dimanche” qəzetinə verdiyi müsahibəsində bildirib.
Vurğulayıb ki, bu aksiya, kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarət şərtlərinə qarşı artan narazılığı əks etdirir. O, bundan əvvəl də Latın Amerikası ölkələrinin daxil olduğu Mercosur ilə Avropa İttifaqı arasında imzalanmış azad ticarət razılaşmasına qarşı olduğunu açıq şəkildə bəyan etmişdi.
“Bütün bu məhsullar bizim torpağımıza daxil olur və biz onların süfrəmizə gəlməsini istəmirik, çünki onlar həm sağlamlığımız, həm də ətraf mühit üçün təhlükəlidir,” – deyə Russo bildirib.
FNSEA-nın bu çağırışı, Fransadakı kənd təsərrüfatı istehsalçılarının beynəlxalq rəqabət və ticarət siyasətinə qarşı artan narahatlığını ortaya qoyur. 25 sentyabr aksiyasının necə keçəcəyi və hökumətin reaksiyası maraqla gözlənilir.