azturkxeber.az
http://azturkxeber.az

Bu ilin 7 ayında Azərbaycan 170-dək ölkə ilə ticarət əməliyyatları həyata keçirib

12-09-2025

Bu ilin 7 ayında Azərbaycan 170-dək ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 28 milyard 187,3 milyon dollar, o cümlədən ixracın dəyəri 14 milyard 572,5 milyon dollar, idxalın dəyəri 13 milyard 614,8 milyon dollar təşkil edib, nəticədə 957,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artıb, real ifadədə 5,1 faiz azalıb. İdxal real ifadədə 1,2 faiz artıb, ixrac isə 9,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Çexiya, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, İsveçrə, Portuqaliya, Avstraliya, İran, Ukrayna, Meksika, Cənubi Afrika Respublikası və Özbəkistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,2 faizi Rusiyanın, 10,1 faizi Türkiyənin, 5,3 faizi ABŞ-ın, 4,9 faizi Birləşmiş Krallığın, 3,8 faizi Almaniyanın, 3,4 faizi Qazaxıstanın, 2,7 faizi Avstraliyanın, 2,5 faizi İranın, 2,2 faizi İtaliyanın, hər biri 2 faiz olmaqla Meksika və Cənubi Afrikanın hər biri 1,7 faiz olmaqla Özbəkistan və Braziliyanın, 1,6 faizi Yaponiyanın, 1,5 faizi Koreyanın, 1,4 faizi Belarusun, 1,3 faizi İsveçrənin, 1,2 faizi Ukraynanın, hər biri 1,1 faiz olmaqla Kanada və Fransanın, hər biri 1 faiz olmaqla İspaniya və Hindistanın, 11,3 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında mühüm məhsul növlərindən buğda idxalı 40,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,6 faiz, xam şəkər – 21,4 faiz, şokolad və şokolad məhsulları – 0,9 faiz, kartof – 20,2 faiz, təzə tərəvəz – 34 faiz, siqaretlər – 4,2 dəfə, minik avtomobilləri – 26,1 faiz, polad prokatı – 5,1 faiz, məişət kondisionerləri – 20 faiz, rezin şinlər – 10,2 faiz, mebellər – 0,2 faiz, qara metallardan çubuqlar – 21,2 faiz, polietilen – 10,4 faiz, paltaryuyan maşınlar – 6,8 faiz, avtobuslar – 2,3 dəfə, məişət soyuducuları – 21,7 faiz artıb, bitki yağları idxalı isə 13,8 faiz, təzə meyvə – 16,7 faiz, unlu qənnadı məmulatları – 3,4 faiz, çay – 6,3 faiz, quş əti və onun əlavə məhsulları – 20,6 faiz, mal əti – 12,9 faiz, dərman vasitələri – 14,9 faiz, qara metallardan borular – 24 faiz, hesablama maşınları, blok və qurğuları – 5,5 faiz, yük avtomobilləri – 0,5 faiz, sintetik yuyucu vasitələr – 6,5 faiz, mineral gübrələr – 0,3 faiz, polipropilen – 0,5 faiz, qara metallardan künclüklər – 3,5 faiz, sement – 21,7 faiz azalıb.

2025-ci ilin yanvar-iyul aylarında ölkəyə 58 min 44 ədəd minik avtomobili, 4759 ədəd yük avtomobili, 305 ədəd avtobus idxal olunub. İdxal olunan malların 46,5 faizini avtomobil, 34,6 faizini hava, 9,4 faizini dəmir yolu, 9,2 faizini dəniz nəqliyyatı ilə gətirilib, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 47,3 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, hər biri 3 faiz olmaqla Xorvatiya və Bolqarıstana, 2,7 faizini Yunanıstana, hər biri 2,5 faiz olmaqla Rumıniya, Portuqaliya, Gürcüstan və Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 0,9 faizini Niderlanda, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, hər biri 0,5 faiz olmaqla Tailand və İndoneziyaya, hər biri 0,4 faiz olmaqla Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Danimarka və Çinə, 3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 88 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11,4 faiz artıb, real ifadədə isə 11,8 faiz azalıb. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,8 faiz), Ukraynaya (5,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3 faiz), Qazaxıstana (2,9 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2 faiz), Türkmənistana (1,7 faiz), Özbəkistana (1,7 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, təzə tərəvəz – 14,8 faiz, şəkər – 66,6 faiz, kartof – 46,8 faiz, siqaretlər – 7,7 faiz, bitki yağları – 26,5 faiz, çay – 7,9 faiz, mineral gübrələr – 10 faiz, polietilen – 15,6 faiz, emal olunmamış alüminium – 19,1 faiz, sement klinkerləri – 28 faiz, pambıq ipliyi – 28,2 faiz, qara metallardan borular – 24 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 8 faiz, meyvə və tərəvəz konservləri – 14,5 faiz, tütün – 49,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 38,7 faiz, pambıq lifi – 10,9 faiz, polipropilen – 4,9 faiz, elektrik enerjisi – 21,6 faiz, qara metallardan çubuqlar – 17,6 faiz, bentonit gili – 12,4 faiz azalıb.

2025-ci ilin yanvar-iyul aylarında ixracın 85,4 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 9,5 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,5 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930