Nizami Kino Mərkəzində Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə retrospektiv film baxışı keçirilib
Nizami Kino Mərkəzində Xalq yazıçısı, tanınmış ssenarist və nasir Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə onun ssenari müəllifi olduğu filmlərin retrospektiv nümayişi keçirilib.
Tamaşaçılara təqdim olunan ilk film “Bizim Cəbiş müəllim” olub. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, retrospektiv proqramda “Uşaqlığın son gecəsi”, “Truskavetsə kim gedəcək?” və “Dəniz” filmləri də nümayiş olunacaq.
O, həmçinin yazıçının həyat yoldaşı Anna İbrahimbəyovaya müəllifin arxiv fotolarını hədiyyə edib.
Filmin bərpası prosesindən danışan rejissor Vahid Mustafayev vurğulayıb ki, “Bizim Cəbiş müəllim”in 142 kadrI təmizlənib, bərpa işlərində 6 nəfərlik komanda çalışıb. “Ümumilikdə indiyədək 11 filmin bərpası həyata keçirilib. Onların arasında “Qayınana” filmi də var və yaxın günlərdə rəngli versiyası təqdim olunacaq”, - deyə o əlavə edib.
Əməkdar jurnalist Nadejda İsmayılova isə 1969-cu ildə “Bizim Cəbiş müəllim” filminin ilk premyerasında iştirak etdiyi xatirələrini bölüşərək deyib: “O vaxt yaradıcı heyət çox həyəcanlı idi. Hamısı gənc və istedadlı idi. Maqsud isə aralarında ən gənci idi və sonuncu olaraq səhnəyə çıxdı. Film o dövrdən bu günə qədər öz aktuallığını qoruyub və tamaşaçı sevgisi qazanıb. Bu il filmin də 55 illik yubileyidir”. Xalq yazıçısı Natiq Rəsulzadə tədbirdə Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. Əməkdar incəsənət xadimi Ayaz Salayev isə yazıçının zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Sonda Anna İbrahimbəyova təşkilatçılara və tamaşaçılara minnətdarlığını bildirib. Retrospektiv film nümayişləri sentyabrın 13-dək davam edəcək.