azturkxeber.az
http://azturkxeber.az

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Gürcüstanda nəşr olunub

05-09-2025

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Gürcüstanda nəşr olunub

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” adlı kitabı Gürcüstanda gürcü dilində nəşr olunub.

Tbilisinin “Universal” nəşriyyatında işıq üzü görən, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə edib. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.

Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünəməxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışıb.

Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930