![]()
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib.
Videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci ilin birinci yarısında görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.
İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli son illər aparılan ardıcıl və genişmiqyaslı islahatlarla sosial sahədə əldə olunan ciddi irəliləyişləri qeyd edib. Nazir müavini 2025-ci ilin əvvəlindən növbəti, 2018-ci ildən beşinci sosial islahat paketi reallaşdırılmaqla, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımların bu il də davam etdirildiyini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn görülən işlərin əhəmiyyətini qeyd edərək, Strategiya üzrə icra olunan tədbirlərin 2027–2030-cu illəri əhatə edəcək növbəti Strategiya üçün də mühüm önəm kəsb etdiyini vurğulayıb.
İşçi qrupun sədr müavini, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov hər iki məqsəd üzrə aparılan monitorinq və qiymətləndirmə nəticələrini təqdim edib. O, hesabatla bağlı ətraflı məlumat verib, əsas çağırışlar və tövsiyələri diqqətə çatdırıb. İclas hesabatın müzakirəsi ilə davam edib.
“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondunun nümayəndələri təmsil olunurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.