azturkxeber.az
http://azturkxeber.az

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

05-09-2025

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəblə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında görüş keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.

Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirak etdiklərini bildirib. Qeyd edib ki, bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub. Nəticədə bu günədək ADNSU-nun 1600-dən çox tələbəsi və 200 əməkdaşı “Coursera” platformasında təlimlərə qatılıb. Ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.

İcraçı direktor Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib. O, rəqəmsal iqtisadiyyat, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti, ağıllı şəhər texnologiyaları kimi sahələrdə görülən işləri, həmçinin qurumun 50-dən artıq beynəlxalq tərəfdaşı olduğunu və Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri ilə əməkdaşlığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər. Tələbələrin sənayeyə təşviqi, startaplara dəstək, elm-sənaye klasterinin yaradılması, eləcə də 4SİM-in əsas tərəfdaşlarından biri olduğu InMerge İnnovasiya Sammitində ADNSU tələbələrinin iştirakı məsələləri xüsusi vurğulanıb. Bundan əlavə, “SABAH.City” layihəsi çərçivəsində innovasiyayönümlü ixtisaslaşmış laboratoriyaların yaradılması və bu laboratoriyalarda sənaye tərəfdaşları ilə birgə tədqiqat və inkişaf fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, ADNSU-nun akademik resurslarının 4SİM-in texnoloji və strateji imkanları ilə birləşməsi ölkənin elmi və sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930