Fransa 2035-ci ili 10 il qabaqladı: Ölkə demoqrafik tənəzzüllə üzləşib
Fransada 2024-cü il iyunun 1-dən 2025-ci il mayın 31-dək 651 min şəxs vəfat edib, 650 min körpə dünyaya gəlib. İkinci Dünya müharibəsindən bəri ilk dəfə qeydə alınan bu göstərici demoqrafiya üzrə tədqiqatçıların fikrinə görə, artıq gecikmiş bir nəticədir və onun uzunmüddətli təsirləri çox ciddi ola bilər.
Fransa Statistika İdarəsi (Insee) bu vəziyyətin əvvəllər 2027-ci ildə baş verəcəyini proqnozlaşdırsa da, trendlər dəyişdi və bu tarixi dönüş 2025-ci ildə baş verdi. Bildirilir ki, doğum nisbətində azalma 2007-ci ildən bəri davam edir, lakin gözlənilən canlanma baş vermədi. İnsanlar ailə qurmaq və ya uşaq sahibi olmaq qərarını daha gec verirlər. Eyni zamanda, uşaq istəməyənlərin sayı da artır. 25-29 yaşlı şəxslərin 20 faizi valideyn olmağa tərəddüd edir.
Digər tərəfdən isə əhalinin yaşlanması səbəbi ilə ölüm sayı hər il artır. 1945–1973-cü illər arasındakı “baby-boom” nəsli indi 85 yaşını keçməkdədir – bu isə təbii ölüm sayını artırır. 2024-cü ilin qışında güclü qrip dalğası bu tendensiyanı daha da gücləndirib. Qeyd edilir ki, bu tendensiya təkcə Fransada yox, bütün Avropada müşahidə olunan bir fenomendir. Sadəcə Fransa bu vaxta qədər müsbət demoqrafik saldosunu qoruyub saxlaya bilmişdi. Artıq bu da dəyişib.
Mütəxəssislər bildirirlər ki, bu demoqrafik dəyişikliklərin əsas təsirləri 2030-cu illərdə özünü göstərəcək. Uşaqların azalması iqtisadiyyata mənfi təsir göstərəcək. Bu, gələcəkdə əmək bazarında iştirak edənlərin, eləcə də istehlakçıların sayının azalmasıdır. Azalan doğumlar səbəbi ilə uşaq müəssisələri bağlana bilər, xüsusən də kənd rayonlarında bu, yerli icmalar üçün dağıdıcı ola bilər. 20 ildən sonra pensiya sisteminə töhfə verəcək insanların sayı azalacaq, baxım işçilərinə tələbat artacaq, amma təminat olmayacaq. Sağlamlıq sistemində, siyasətdə və resurs bölgüsündə yaşlılarla gənclər arasında qarşıdurma riski artacaq.
Prezident Emmanuel Makron “demoqrafik silahlanma” siyasətindən danışsa da, mütəxəssislərin fikrincə bu, yetərli deyil.
“Heç kimə uşaq sahibi olmağa məcbur edə bilmərik. Bu həm vaxt, həm də maddi məsələdir. Üstəlik, uşaq istəməyən insanların sayı artmaqdadır”, - deyə mütəxəssislər həyəcan təbili çalırlar.
Buna görə də hökumətin yeni strategiyalar formalaşdırması vacib olacaq. Demoqraf Didye Bretonun fikrinə görə, ölkələr iki model arasında seçim edirlər: “Miqrasiya modeli: Almaniya və İspaniya kimi ölkələr miqrant axını ilə əmək çatışmazlığını kompensasiya etməyə çalışır. Amma gələcəkdə miqrasiya təklifi də azalacaq, çünki Afrika və Asiyada da doğum nisbətləri enir. Texnologiya modeli: Yaponiya miqrasiya əvəzinə avtomatlaşdırma və robotlaşdırma yolu ilə işçi çatışmazlığını həll etməyə çalışır. Hansı strategiyanı seçməyə gəlincə, bu, artıq bir cəmiyyət modeli məsələsidir”, - deyə Didye Breton vurğulayır.
Bildirilir ki, doğum səviyyəsində azalma 2022-ci ildən bəri daha da sürətlənib, hər il təxminən 30 min azalma qeydə alınır. Bu demoqrafik tənəzzül ölkənin gələcəyi üçün ciddi sosial və iqtisadi təsirlərə səbəb ola bilər. Əmək bazarından tutmuş pensiya sisteminə qədər bir çox sahə bu dəyişikliklərdən təsirlənə bilər. Uzun müddət doğum səviyyəsi ilə digər Avropa ölkələrindən müsbət fərqlənən Fransa üçün bu dönüş nöqtəsi, ekspertlərin fikrincə, tarixi bir xəbərdarlıqdır. Fransa artıq demoqrafik sabitlikdən uzaqlaşır və bu yeni mərhələnin sosial, iqtisadi və siyasi nəticələri illərlə davam edəcək. Qarşıda duran əsas sual isə budur: “Ölkənin gələcəyi piramidanın harasında – yuxarıda (yaşlılarda) yoxsa aşağıda (gənclərdə) həll olunacaq?”.