QOÇ QİYAFƏSİ GEYİNMİŞ FƏDAKARLIQ...

Təqribən 2000 il öncə, Dəclə və Fərat çaylarının qovşağında yaşayan İbrahim İsmayılı da götürüb Məkkəyə yola düşür. Ona əmr verilmişdi. Oğlundan əl çəkməliydi. Əks halda, özü Allah tərəfindən rədd ediləcəkdi. İbrani mətnlərdə bu detal aşağı-yuxarı eyni cür təsvir olunur. Deyilənə görə, peyğəmbər oğlunu həddən ziyadə çox sevirdi. Niyə də sevməyəydi? Uzun illər sonra Allah ona övlad bəxş eləmişdi. Həyat yoldaşı Saradan yox həm də. Cariyəsi, nökəri Həcərdən. Çətin olmalıydı min-bir duadan sonra müjdə verilmiş oğulu tək əmrlə fəda etmək. Lakin İbrahim bu sınaq imtahanının yeganə fədaisi deyildi. Vaxtilə ulu babası Adəm də oğlu Habili qurban etmişdi. İstəmədən, xəbərsizcə. Və Habil canını Qabilin qollarında verdiyi günədək daim Allaha pay gətirərdi. Deyərsən, İslam dünyasının ilk şəhidi hər dəfə tanrıya ərməğan etdikləriylə özünü hazırlayırmış qurbangaha... İbrahim və oğlu Mina dağına qalxır. Bu, həmin dağın zirvəsidir ki, peyğəmbərin bıçağı kütləşəcəkdi. Taqətsiz qalacaqdı. İbrahim üç dəfə cəhd edəcəkdi. Bəlkə, Ataların üçdən dediyi misal da elə burada yaranmağa başlamışdı. Abraham “millətlərin atası” demək idi, axı... Bütün bu poetik ifadələrə rəğmən, fədaetmə ayinləri səmavi dinlərlə başlamır. Animistlər, animalistlər, caynistlər, krişnaidlər, buddistlər, zərdüştilər və nəhayət şamanlar da qurban verərdilər. Sistemləşdirilmiş dinlər meydana çıxmazdan öncə bu ayinlərin yalnız bir əhəmiyyəti vardı: Qorxu. Məsələn, vikinqlər hər dəfə Odinə qurban etdiyi donuz, inək, at və hətta insan kimi canlıların sadəcə qanını içər, ətini bir kənara tullayar, beləliklə, şimşəklərin tanrısından əfv diləyərdilər. Bu cür qurbanların rituallaşmasının səbəbi ildönümləri deyildi. Bolluq və bərəkət üçün həmişə qurban vermək olardı. Təbii, ayinlərin bəziləri konkret dövrə təsadüf edirdi. Lakin əsas üstünlük problemə verilirdi. Qurban - ən qısa həll yolu idi. Dolayısıyla, animalistlərdən başlayan qurbanvermə prosesi əsasən rüşvət xarakteri daşıyırdı. Bəlkə də, rüşvət ilk dəfə miflərlə yaranmışdı. İnsanın formalaşması tanrıyla birgə baş verirdi. Onun təkamülü həm də qədim yunanların Zevsi, Romalıların Yupiteri, Mayaların Kukulkanı, Şumerlərin Anu kimi tanrılarıyla paralelləşirdi. İnsan öz dəyərini tanrılara verdiyi qurbanlar fonunda qazanırdı. Fəda edilən hər can qazanılan yeni məna çalarına çevrilirdi. Ayin piramidası qurmağa çalışsaq, İsanın çəkildiyi çarmıxın sütunları İbrahimin kəsdiyi qoçun sümüklərindən oyulub. Əgər o, zamanında öz xalqlarını insan qətliamından uzaqlaşdırmasaydı, yəhudilikdən xristianlığa keçid prosesi əsla baş verməyəcəkdi. İbrahim oğlundan, İsa özündən keçirdi. Həzrət İbrahimin canından çox sevdiyi İsmayıl onun ən böyük sınaq nöqtəsiydi. Həzrət İsa isə həmin nöqtənin özünə çevrilmişdi. Ona verilən əmr bu və ya digər şəkildə elçiliyini tamamlamaq idi. İbrahim millətlər atasıydı. İsa atasız doğulmuşdu. Biri tanrı üçün oğlundan, o biri bəşəriyyətin əfvi üçün öz cismindən əl çəkirdi. İbrani dinlər insan və tanrı arasındakı “qorxu-rüşvət” bağını ilmə-ilmə sökmüşdülər. İbrahim “Oğlum, Allahın əmrinə itaət edək, O buyurubsa, edəcəyik!” deyə İsmayılı gətirmişdi qurbangaha. Allah onun niyyətini qəbul etmişdi. İsa isə cismini gətirmişdi qurbangaha. Allah onun özünü qəbul etmişdi... “Allahım, Allahım, məni niyə tərk etdin?" deyirdi İsa... Maraqlıdır. Məgər ruhu yaradıcısına doğru ucalmırdımı? Yoxsa insanlığın təşvişiydi canından çıxan? Ruh əvəzi... Eradan əvvəl, 2000-lərin əvvəlində başlayan qurbanvermə ayini əsrimizin əvvəllərində yekunlaşırdı. Fədakarlıq hadisəsi tamamlanmışdı. İbrahim ilə İsanın Dəclə və Fərat kimi eyni qoldan ayrılmış imtina missiyası İslamda, Həzrət Məhəmmədin elçiliyində qovuşurdu. Hər il yüz minlərlə müsəlman boş yerə Həcc ziyarətini qurban bayramında başlamır. Təvaf – insanın can verməməsinin bədəlidir. Burada hamı tanrının başına dönür. Qurban olur... İbrahim İsmayılı Məkkədə kəsmək istəmişdi, axı. Kəbə millətlər atasının ilk məscidi, ibadətgahıydı, axı... Allah dualarınızı, qurbanlarınızı və özünüzü qəbul etsin!
Mir Çingiz Ağayev,
REAL
Realtv.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: