azturkxeber.az
http://azturkxeber.az

İncəsənət sahəsinin kompleks inkişafı ilə bağlı müzakirə aparılıb

06-05-2026

Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası və proqram üzərində çalışan İşçi qrupunun növbəti toplantısı keçirilib.

Azturkxeber.az xəbər verir ki, iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.

Nazir Adil Kərimli çıxışında dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Bildirilib ki, iqtisadiyyat və mədəniyyət sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir.

“Bütün bunlarla yanaşı, sahə üzrə infrastruktur məsələləri də diqqətdə saxlanılmalıdır. Nəzərdə tutulan layihələr çərçivəsində hər sahəyə uyğun xüsusi yanaşmalar tətbiq edilməli, əlavə infrastruktur obyektlərinin yaradılması zamanı bu amillər nəzərə alınmalıdır. Hazırlanacaq dövlət proqramlarının sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi zəruridir”, – deyə nazir vurğulayıb.

İclasda çıxış edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə İşçi qrupu rəhbərinin müavini Ayaz Müseyibov Konsepsiyanın əsas istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə müasir çağırışlara uyğun elmi-mədəni mühitin formalaşdırılması, milli-mədəni dəyərlərin qorunması və təbliği xüsusi önəm daşıyır.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın bərpası və bu bölgələrdə mədəniyyətin yenidən canlandırılması prioritet istiqamətlərdəndir. Bu sahədə dövlət qurumları tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri İntiqam Babayev incəsənətin inkişafı ilə bağlı dövlət proqramının hazırlanması üzrə görülən işlər və planlaşdırılan növbəti addımlar barədə məlumat verib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu vurğulayıb ki, dövlət proqramının hazırlanması istiqamətində aidiyyəti qurumlar və sənət adamlarının fəal iştirakı vacibdir.

İclasda həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, eləcə də Xalq artistləri Şəfiqə Məmmədova, Fəxrəddin Manafov və digər natiqlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, konsepsiyanın icrası mədəniyyət sahəsində sistemli inkişafın təmin olunmasına, yaradıcı mühitin genişləndirilməsinə və milli-mədəni dəyərlərin daha effektiv şəkildə qorunub təbliğ edilməsinə mühüm töhfə verəcək.

Çıxışlar müvafiq sahələr üzrə fəaliyyətin nəticələrini əks etdirən slayd-təqdimatla müşayiət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031