azturkxeber.az
http://azturkxeber.az

Ombudsman yanında İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri açıqlanıb

23-01-2025 Baxılıb: 145

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən cəmiyyətdə psixi pozuntuları olan şəxslərə münasibət, stiqmatizasiya, ayrı-seçkilik halları ilə bağlı vəziyyəti öyrənmək məqsədilə ictimai rəy sorğusu və sosial şəbəkələrin monitorinqi keçirilib.
Ekspertlər tərəfindən hazırlanmış və 30 sualdan ibarət olan sorğu gender balansı nəzərə alınmaqla müxtəlif yaş kateqoriyasından olan şəxslər tərəfindən anonim qaydada cavablandırılıb. Sorğuda Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun sakinləri iştirak edib.
Aparılmış sorğunun nəticələri göstərir ki, ixtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək hələ də cəmiyyətdə sual doğuran və tərəddüd edilən bir vəziyyət hesab olunur. Belə ki, sorğuda iştirak edənlər bu sahə üzrə mütəxəssislərə müraciət etməyi bir sıra hallarda “arzuedilməz” hal kimi nəzərdən keçirdiklərini etiraf edərək ailə üzvləri, həmkarları, qonşuları tərəfindən qınanmaqdan, onlara “dəli”, ”ruhi xəstə” kimi damğa vurulacağından ehtiyat etdiklərini, nəticə etibarilə bunun onların şəxsi həyatı və karyeralarına mənfi təsirindən qorxduqlarını bildiriblər.
Bəzi respondentlər psixi pozuntulardan əziyyət çəkən şəxslərin ailə qurması və övlad dünyaya gətirməsinə qarşı olduqlarını, bu şəxslərin valideyn kimi öz öhdəliklərini yerinə yetirə biləcəklərinə şübhə etdiklərini bildirib. Həmin şəxslərin əmək fəaliyyəti ilə məşğul olması, vəzifə funksiyalarını layiqincə yerinə yetirə bilməsi ilə bağlı da oxşar baxışlar mövcuddur.
Sorğu iştirakçılarının bir qismi psixi pozuntuları olan şəxslərin, psixoloqa müraciət edənlərin, psixiatriya yardımından istifadə edənlərin “təhlükəli”, “etibar olunmayacaq adam” olduqları barədə rəy bildirib.
Keçirilmiş sorğunun nəticələri psixi sağlamlıq anlayışı və peşəkar yardım almaqla bağlı cəmiyyətdə bir sıra stereotiplərin olduğunu, stiqmatizasiya meyllərinin müşahidə edildiyini deməyə əsas verir.
Rəy sorğusu ilə yanaşı, İşçi Qrupun üzvləri tərəfindən populyar sosial şəbəkələrin monitorinqi də həyata keçirilib. Məlum olduğu kimi, müasir dövrdə informasiya, ünsiyyət, xidmətlərin təşkili və təklifi sahəsində sosial şəbəkələr xüsusi əhəmiyyətli rol oynayır.
Sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi adlarla təqdim edən çoxsaylı şəxslərin psixoloji xidmət, bəzi hallarda isə psixiatriya yardımı elementlərini özündə əks etdirən fəaliyyətlə məşğul olduğu və müvafiq xidmətləri təklif etdiyi, bu şəxslərin bir qisminin müvafiq təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayındıqları qeyd olunmalıdır.
“Facebook” sosial şəbəkəsində tibbi xidmətlər və tibbi məsləhətlər təklif edən onlayn qruplarda psixi sağlamlıq sahəsində tövsiyə və məsləhət istəyən insanların bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirildiyi, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışların fərqləndirilə bilmədiyi müşahidə edilmişdir. Həmin sosial şəbəkədə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Müalicə prosesində təyin olunan psixotrop dərmanların, xüsusilə antidepressantların asılılıq yaratması, dərman preparatları qəbul edən şəxslərin normal həyat tərzini, əmək fəaliyyətini, həmçinin təhsil almaq imkanlarını məhdudlaşdırması barədə elmi əsası olmayan fikirlər sosial şəbəkələrdə geniş yayılıb.
Psixoloq kimi fəaliyyət göstərənlərin öz “Facebook” hesablarında bir çox hallarda yalnız ailə-məişət mövzularına fokuslanması və bununla əlaqədar qeyri-peşəkar fikir, mülahizə və tövsiyələri cəmiyyətdə psixologiya elmi ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.
“İnstagram” sosial şəbəkəsində müvafiq təhsil və təcrübəyə malik olmayan şəxslərin psixoloq qismində fəaliyyət göstərdiyi çoxsaylı profil və səhifələrin mövcudluğu qeydə alınıb.
“Tik-Tok” platformasında canlı yayım vasitəsilə müvafiq məsləhətlərin verilməsi, hətta müalicə təyin olunması halları müşahidə edilib.
Sosial şəbəkələrin monitorinqi psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılması, xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir.
İşçi Qrup tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri də nəzərə alınmaqla müvafiq dövlət orqanlarına ünvanlanan təkliflər paketinin hazırlanaraq təqdim olunması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031