azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

14-10-2026

Oktyabrın 14-də Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Garabagh – 2026) öz işinə başlayıb.

Azturkxeber.az xəbər verir ki, oktyabrın 16-dək davam edəcək sərgi dövlət qurumlarını, şirkətləri və sahə üzrə mütəxəssisləri bir araya gətirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və dayanıqlı inkişafı ilə bağlı təşəbbüslərin müzakirəsi üçün platforma rolunu oynayır.

Qarabağ Dirçəliş Fondu hər il olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, Fondun fəaliyyəti və vətəndaşlar arasında ianə mədəniyyətinin təşviqi ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq və daha çox insanın bu mühüm missiyada iştirakını təmin etmək məqsədilə “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir.

Sərginin ilk günündə QDF-in stendini ziyarət edən şəxslərə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan irimiqyaslı bərpa və quruculuq işləri, eyni zamanda Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilib, Fondun fəaliyyətinə həsr olunan xüsusi videoçarxlar nümayiş olunub.

Bir neçə ildir Fondun stendində təqdim olunan və ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də sərgi iştirakçılarının ixtiyarına verilib. Əvvəlki illərdən fərqli olaraq, oyuna Qarabağın tarixi abidələri ilə yanaşı, Vətən müharibəsindən sonra inşa edilmiş yeni tikililər də əlavə olunub. Əyləncəni maarifləndirici məzmunla birləşdirən layihə mədəni irsin qorunmasını və Qarabağın dirçəlişini simvolizə etməklə yanaşı, ziyarətçilərə bölgənin tarixi və müasir inkişafı haqqında məlumat əldə etmək imkanı yaradır.

Builki sərgidə Fondun stendində ilk dəfə Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Vətən müharibəsi və s. ilə bağlı suallardan ibarət viktorina da təqdim olunub. Ziyarətçilər viktorina suallarını cavablandıraraq öz biliklərini sınamaqla yanaşı, əyləncəli və interaktiv formatda Qarabağ haqqında məlumatlarını zənginləşdiriblər.

Qarabağın mədəni irsinə və füsunkar təbiətinə dair fotoların, eləcə də tanınmış şairlərin şeirlərindən, xalq mahnılarından və bayatılardan seçilmiş misraların, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər tanınmış şəxslərin Qarabağa dair çıxışlarından sitatların yer aldığı guşə isə Fondun stendinə özünəməxsus ab-hava qatıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in stendini ziyarət edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko, “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov və digər rəsmi şəxslərə Fondun həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib.

Sərgi çərçivəsində ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Doğma Qarabağın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi “Rebuild Garabagh – 2026” sərgisini, o cümlədən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət etməyə dəvət edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031